“ASAN xidmət indeksi”: Miqrasiya Xidməti yenə birinci oldu

      “ASAN xidmət indeksi”:    Miqrasiya Xidməti yenə birinci oldu
  27 Noyabr 2019    Oxunub:10936
“ASAN xidmət indeksi” üzrə 2018-2019-cu il qiymətləndirmə nəticələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (83,81%) göstərib.
Azvision.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət və ADA Universitetinin birgə təşkilatçılığı ilə dövlət xidmətlərinin “ASAN Xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə dair sayca 3-cü hesabat tədbiri keçirilib.

2018-2019-cu illər ərzində Dövlət Agentliyi tərəfindən 25 mərkəzi icra hakimiyyəti orqanının 336 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 234 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 47 xidməti daxil olmaqla, ümumilikdə 617 xidmət qiymətləndirilib.



Tədbirdə bildirilib ki, qiymətləndirilmənin 54 faizini mərkəzi, 38 faizi yerli icra hakimiyyəti orqanlarının, 8 faizi isə hüquqi şəxslərin payına düşüb: ““ASAN xidmət indeksi” üzrə 2018-2019-cu il qiymətləndirmə nəticələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (83,81 %) göstərib. Ən çox xidməti qiymətləndirilən yerli icra hakimiyyəti orqanı Binəqədi və Nəsimi rayon icra hakimiyyətləridir. Hüquqi şəxslər içərisindən "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin 3, "Azərsu" ASC-nin 14, "Azəriqaz" İstehsalat Birliyinin 20, "Azərişıq" ASC-nin 10 xidməti qiymətləndirilib".

Qeyd edək ki, qiymətləndirilmənin keçirilməsidə əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarçılığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, eləcə də xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

Xatırladaq ki, 2017-2018-ci il qiymətləndirmə nəticələrinə əsasən “ASAN xidmət indeksi” üzrə mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (68,98 %) göstərmişdi.

Azvision.az


Teqlər: Miqrasiya-Xidməti   ASAN-Xidmət  





Xəbər lenti