Dövlət Agentliyində məlumatlandırma sessiyası keçirilib
A.Əhmədova tədbir iştirakçılarına icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinin hazırkı vəziyyəti, sistemin üstünlükləri və əhaliyə verəcəyi faydalar barədə ətraflı məlumat verib. O, QHT-ləri icbari tibbi sığorta ilə bağlı maarifləndirici çap məhsulları ilə təmin edəcəklərini deyib və onları sözügedən mövzu ilə bağlı maraqlı layihə təklifləri ilə çıxış etməyə çağırıb.
Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Şuranın 2020-ci ildə 18 dövlət orqanı və digər qurumlarla birgə 98 mövzunu əhatə edən qrant müsabiqəsi elan etməsinin mühüm yenilik olduğunu vurğulayıb. E.Behbud dövlət orqanları və digər qurumlarla birgə müsabiqənin keçirilməsinin QHT-hökumət əməkdaşlığını, qarşılıqlı etimadı və dialoqu daha da gücləndirəcəyini, QHT-lərin imkanlarını və layihələrin səmərəliliyini artıracağını deyib. Şura təmsilçisi bildirib ki, şəffaflığın daha da artırılması və ictimai nəzarətin gücləndirilməsi baxımından birgə müsabiqələrin keçirilməsi münbit imkanlar açır. E.Behbud digər birgə qrant müsabiqələri kimi Agentliklə olan müsabiqəyə də ixtisaslaşmış QHT-lərin layihə ilə müraciət etməsinin məqsədəuyğun olduğunu qeyd edib.
Şuranın elektron xidmətlər və daxili nəzarət bölməsinin məsləhətçisi Elnur Bağırlı Şuranın SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminə daxil olan e-Ərizə xidmətindən istifadə qaydalarına dair videoçarxı tədbir iştirakçılarına təqdim edib.
Məlumatlandırma sessiyasında QHT-lərin qrant müsabiqəsi ilə bağlı sualları cavablandırılıb.
Azvision.az