Mehriban Əliyeva: “Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir”

      Mehriban Əliyeva:    “Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir”
  23 Noyabr 2019    Oxunub:2163
"Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir və bizim qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Artmaqda olan əmtəə dövriyyəsinin inkişafı və şaxələndirilməsi üzrə kompleks tədbirlər həyata keçirilib. Azərbaycan xaricdə özünün ilk ticarət nümayəndəliyini Rusiya Federasiyasında açıb. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları yaradılıb və uğurla fəaliyyət göstərir. Bizim istehsalçıların müxtəlif regionlara ixrac missiyaları təşkil edilir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva X Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.

Birinci vitse-prezident çıxışında qeyd edib ki, ticarətdə müsbət dinamika müşahidə edilir: "2018-ci ildə ticarət dövriyyəsi 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə artım 26 faizə çatıb. İnvestisiya sahəsində də əməkdaşlığımız genişlənir. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın müəssisə qeydə alınıb. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard ABŞ dollarına çatıb. Eyni zamanda, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə yatırıb. Hazırda maşınqayırma və avadanlıq istehsalı, kimya sənayesi, əczaçılıq, nəqliyyat kimi sahələrdə müştərək layihələr həyata keçirilir. Məsələn, “SOCAR Polymer” zavodu inşa edilib, “Azərikimya” müəssisələri modernləşdirilir, Gəncə avtomobil zavodunda “KamAz” Səhmdar Cəmiyyətinin və “Ural” avtomobil zavodunun yük avtomobillərinin istehsalı və yığılması həyata keçirilir. Hacıqabul Sənaye Məhəlləsində “QAZ” markalı avtomobillərin yığılması üzrə zavod tikilir. “P-farm” əczaçılıq preparatları zavodunun birinci növbəsinin tikintisi başa çatmaq üzrədir. Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda iştirak edir. Elektrik enerjisi mübadiləsi həyata keçirilir. Azərbaycan, Rusiya və İran arasında “Şimal-Cənub” enerji dəhlizinin yaradılması üzrə iş aparılır.

Rusiya Federasiyası ölkəmizdən ixrac edilən kənd təsərrüfatı məhsullarının əsas istehlakçısıdır. Biz də öz növbəmizdə, Rusiyadan kənd təsərrüfatı texnikası və mineral gübrələr alırıq. Yaxın gələcəkdə 2020-2022-ci illər üçün aqrar sənaye kompleksində əməkdaşlıq proqramının imzalanması planlaşdırılır.

Nəqliyyat-tranzit sahəsi bizim əməkdaşlığımızın mühüm istiqamətlərindən biridir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi bu sahədə mühüm layihədir. Həmin layihənin həyata keçirilməsi nəticəsində ötən il bu marşrut üzrə tranzit daşımalarının həcmi 8 dəfə, bu ilin birinci yarısında isə 60 faizdən çox artıb. 2020-ci ildə yeni Bakı-Rusiya Federasiyası sərhədi avtomagistralının tikintisinin başa çatdırılması, habelə Samur çayı üzərindən avtomobil körpüsünün birgə tikintisi planlaşdırılır. “Şimal-Qərb” beynəlxalq nəqliyyat dəhlizi də uğurla fəaliyyətə başlayıb.

Turizm sahəsində əməkdaşlığımız dinamik şəkildə inkişaf edir. 2018-ci ildə Azərbaycana səfər etmiş rusiyalıların sayı 900 minə yaxın olub. Bizim ölkəyə gələn turistlərin sayına görə Rusiya birinci yeri tutur. Azərbaycan da öz növbəsində, Rusiyanın Şimali Qafqaz regionunun turizm infrastrukturu üçün əsas investorlardan biridir.

Son illərdə bizim humanitar əməkdaşlığımız əhəmiyyətli dərəcədə fəallaşıb. Təhsil sahəsində əməkdaşlığı xüsusi vurğulamaq istəyirəm. Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanıb. Ölkəmizin 338 məktəbində tədris rus dilində aparılır, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata keçirilir, Azərbaycanın 14 dövlət ali məktəbində rus bölmələri var. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır".

Azvision.az


Teqlər: MehribanƏliyeva  





Xəbər lenti