Türkiyənin Diyanət İşləri Başqanından Prezidentə məktub

 Türkiyənin Diyanət İşləri Başqanından Prezidentə məktub
  23 Noyabr 2019    Oxunub:2645
Türkiyənin Diyanət İşləri Başqanı professor Dr. Ali Erbaş Prezident İlham Əliyevə məktub göndərib.
Azvision.az xəbər verir ki, məktubda deyilir: "Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu. Hörmətli cənab Prezident. Dünya dini liderlərinin II Bakı Sammitinə və Zati-alinizin yüksək təqdiri ilə şərəfləndirdiyi möhtərəm Şeyxülislam Allahşükür Paşazadənin 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi münasibətilə rəhbərlik etdiyim geniş tərkibli nümayəndə heyəti ilə noyabrın 14-17-də ölkənizə səfərim zamanı mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə təşəkkürlərimi ifadə etmək istərdim.

Xüsusilə səfərimizin əvvəlindən ölkənizdən ayrılana qədər bizi müşayiət edən, dəyərli vaxtlarını ayıraraq bizi tək qoymayan əməkdaşlarınızın göstərdikləri nəzakəti təqdirlə qarşıladığımızı bildirmək istəyirəm. Düşünürəm ki, gözəl ölkənizə nümayəndə heyətimizlə etdiyim səfər həm qurumlarımız, həm də ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafına töhfə verəcək.

Fürsətdən istifadə edib Zati-alinizə Uca Allahdan cansağlığı və xoşbəxtlik diləyir, Sizin şəxsinizdə azərbaycanlı qardaşlarımıza sülh, əmin-amanlıq və rifah arzulayıram".

Azvision.az



Teqlər:





Xəbər lenti