Müxalifətin mitinqi vaxtından əvvəl bitdi

Müxalifətin mitinqi vaxtından əvvəl bitdi
  15 Dekabr 2013    Oxunub:1091
`Milli Şura` bu gün saat 14:00-da “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən “Məhsul” stadionunda benzinin qiymətinin artmasına etiraz olaraq mitinq keçirdi.
Mitinqin aparıcısı jurnalist Şahvələd Çobanoğlu idi. İlk söz alan Əli Kərimli çıxışında bahalaşmaya ehtirazını bildirib. Deyib ki, benzinin ucuzlaşması üçün ölkədə haqq-ədalət qalib gəlmədir. AXCP sədri daha sonra Ukrayna xalqını nümunə göstərib: "Onlar şaxtaya-qara baxmayaraq on günlərlədir ki, meydandadırlar".

Daha sonra Arif Hacılı çıxış edib. Ümumi sözlərlə danışan Müsavat rəsmisi konkret olaraq benzinin qiymətindən yox, əsasən müsavatçılıq ideyasından, Əli bəy Hüseynzadədən, Rəsulzadə irsindən, Avropaya inteqrasiyadan, Kiyevdəki mitinqlərdən danışıb: “İsa Qəmbər Ukraynada Maydan hərəkatına dəstək vermək üçün ora gedib və oradan sizə salam göndərib” (?-red.).

A.Hacılıdan sonra Mirmahmud Mirəlioğlu çıxış etdi.

M.Mirəlioğlu da çıxışında benzindən, neftdən-mazutdan yox, milli-azadlıq ideyalarından, dini inanclardan, Müsavat irsindən danışdı. Onun şüarları da “Azadlıq” şüarları ilə müşayiət olundu.

Daha sonra söz Cəmil Həsənliyə verildi. Milli Şura sədri teledebatlarda olduğu kimi sözünə yenə də “uca millət” xitabı ilə başladı. Tarixçi-professor öncə cari hidrometeoroloji proqnoz və reallıqlara toxunub təbii şəraitdən, yağışdan-qardan danışdı. C.Həsənli xalqı iradəsini ortaya qoymağa səslədi. Onun çıxışı da generalın xəbərdarlığına baxmayaraq “İstefa” şüarları ilə müşayiət olundu. C.Həsənli daha sonra siyasi məhbuslar, İsmayıllı hadisələri mövzusuna toxundu. Amma bu məsələnin benzinin qiymətinə nə dəxli olması barədə əlavə məlumat verilmədi.

Müsavat başqanının müşaviri Yeganə Hacıyeva Milli Şuranın tələblərinin əks olunduğu bəyanatı oxuyandan sonra aksiyanın başa çatdığı elan olundu. Meydanda “Koroğlu” uvertürası səsləndi. Bəsit, primitiv, ölüvay və monoton çıxışlardan sonra bu ölməz musiqi parçasının səslənməsi qəribə təzad yaradırdı. Onu da deyək ki, müxalifətin seçkilərdən sonra təşkil etdiyi digər etiraz mitinqləri kimi bu aksiyası da vaxtından qabaq bitdi. İki saatlıq mitinqin bir saata yekunlaşdırılmasının səbəblərinə gəlincə isə... Ya deməyə söz yoxdur, ya da üzünü tutub sözünü deməyə elektorat... Başqa variant tapmaq çətindir...

Virtualaz.org


Teqlər:  





Xəbər lenti