Vüqar Gülməmmədov: “Büdcə gəlirlərində neftin xüsusi çəkisi azalacaq”

  20 Noyabr 2019    Oxunub : 1313
 Vüqar Gülməmmədov: “Büdcə gəlirlərində neftin xüsusi çəkisi azalacaq”
"Növbəti ilin dövlət büdcəsini fərqləndirən bir neçə məqam var və bu məqamlar həm gəlir, həm də xərc parametrlərinə xasdır. İlk olaraq gəlirlərlə bağlı bir neçə amil diqqətə çatdırılmaldır. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft sektorunun payının çox olması fonunda növbəti ildə qeyri-neft sektorunun daha sürətli artımı nəzərdə tutulub".
Azvision.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məqaləsində qeyd edib.

O bildirib ki, bu, həmin sektordan daxilolmaların ilk dəfə 11 mlrd. manata yaxın proqnozlaşdırılmasına səbəb olub:

"Son illərdə müşahidə olunan meyillərin əksinə olaraq 2020-ci ildə cari illə müqayisədə Dövlət Neft Fondundan transfertlərin məbləğinin və ümumilikdə transfertlərin büdcə gəlirlərində payının azalma meyilli olması gözlənilir. Son zamanlar müşahidə olunan vergi ödəyiciləri üzərində inzibati təzyiqlərin yumşaldılması və vergi inzibatçılığının əsasən intizamsız vergi ödəyiciləri üzərində gücləndirilməsi prosesi könüllü bəyanetmənin səviyyəsini artırmaqla qeyri-neft sektorunun potensialından daha səmərəli istifadə olunmasını təmin edir. Bu meyillər bilavasitə dövlət büdcəsi gəlirlərinin bir sıra əhəmiyyətli parametrlərinin müsbət inkişafını şərtləndirməklə 2020-ci il üçün dövlət büdcəsi gəlirlərinin proqnoz göstəricilərinin də artım prioritetlərini müəyyənləşdirib. Hesablama Palatası olaraq dövlət büdcəsi gəlirlərinin tərkibində vergi gəlirlərinin, eləcə də qeyri-neft sektorundan ümumilikdə və vergi orqanları xətti ilə yığılan gəlirlərin növbəti il üzrə əhəmiyyətli artımlarla proqnozlaşdırılmasını real sektorun dayanıqlı inkişafı kimi qiymətləndiririk.

Eyni zamanda, cari illə müqayisədə 2020-ci il üçün vergi gəlirləri üzrə 10,0 faizlik (9551,4 milyon manata qarşı 10507,0 milyon manat), qeyri-neft sektorundan ümumi gəlirlər üzrə 12,0 faizlik (9467,7 milyon manata qarşı 10604,5 milyon manat), o cümlədən vergi orqanları xətti ilə qeyri-neft sektorundan yığılan gəlirlər üzrə 14,4 faizlik (4980,0 milyon manata qarşı 5695,0 milyon manat) artımların vergi qanunvericiliyi ilə güzəşt və azadolmaların genişləndirilməsi şəraitində proqnozlaşdırılması kölgə iqtisadiyyatının sürətli şəkildə rəsmi müstəviyə transformasiya olunmasından xəbər verir və hökumətin islahatların səmərəliliyi üçün nə dərəcədə israrlı olduğunu göstərir".

Palata sədrinin sözlərinə görə, büdcə gəlirlərinin, xüsusilə vergi gəlirlərinin tərkibində əlavə dəyər vergisi (ƏDV) xüsusi paya malikdir.

"Bir faktı qeyd edək ki, növbəti il üçün gəlirlərin tərkibində ən böyük artım da məhz bu tədiyə növü üzrə nəzərdə tutulmuşdur. Növbəti ilin dövlət büdcəsinin gəlirlərində dövlət vergiləri daha sürətli artımla proqnozlaşdırılmışdır. Bu baxımdan vurğulanmalıdır ki, son illər ilk dəfə olaraq ƏDV-nin artım məbləği büdcə gəlirlərinin tərkibində ən böyük göstəricidir. Növbəti ilin dövlət büdcəsinin gəlirlərinin təhlili Vergi Məcəlləsinə 2020-ci ildən tətbiqi nəzərdə tutulmuş dəyişikliklərin də diqqətə alınmasını tələb edir. "Büdcə zərfi”nə daxil edilmiş layihə genişmiqyaslı tədbirləri nəzərdə tutur. Həmin tədbirlərin icrası büdcə gəlirlərinin hesabatlığında şəffaflığın yüksəldilməsinə, rəqabət mühitinin gücləndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına şərait yaratmaqla korrupsiya əleyhinə də bir alət kimi təsir edəcək.

Bununla yanaşı, büdcə gəlirlərinin inzibatçılığının potensialın reallaşdırılması istiqamətində böyük əhəmiyyətə malik olması danılmaz faktdır. Son illər həm vergi, həm də gömrük orqanlarının fəaliyyətində müsbət meyillər bu sahədə öz nəticəsini göstərir. Eyni zamanda, ümumilikdə vergi və gömrük inzibatçılığının daha da təkmilləşdirilməsi üçün konkret aralıq və son hədəflər göstərilməklə kompleks inkişaf strategiyasının hazırlanması dövlət gəlirlərinin daha da artırılması üçün münbit şəraiti formalaşdıra bilər",- deyə V.Gülməmmədov vurğulayıb.

Azvision.az

Teqlər: Palata   Sədr