"Pensiya artaraq 293 manat ətrafında olmalıdır" - Nazir

  19 Noyabr 2019    Oxunub : 1935
 "Pensiya artaraq 293 manat ətrafında olmalıdır" - Nazir
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, komitənin sədri Hadi Rəcəbli bildirib ki, gündəliyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikası 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri (ikinci oxunuş), həmçinin “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri (ikinci oxunuş) daxildir.

Gündəlikdəki məsələlər barədə ümumi məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, birinci oxunuşdan sonra sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi dəyişməz olaraq qalır. Belə ki, qurumun gələn il üçün gəlir və xərcləri 4 milyard 825 milyon manat nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 17 faiz, yəni 697,4 milyon manat artım deməkdir. Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur. Belə ki, ölkəmizdə orta pensiya məbləği ciddi şəkildə artaraq 293 manat ətrafında olmalıdır.

Nazir sosial yönümlü islahatların bundan sonra da davam etdiriləcəyini və daha da genişlənəcəyini diqqətə çatdırıb. Sahil Babayev bildirib ki, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin isə gəlir və xərcləri 128,2 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 30 faiz və ya 29,8 milyon manat çoxdur.

Nazir diqqətə çatdırıb ki, 2020-ci il üçün yaşayış minimumu 190 manat, ehtiyac meyarının həddi isə 160 manat müəyyən edilib.

“Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri (ikinci oxunuş) barədə məlumat verən Sahil Babayev bildirdi ki, bu qanunlara təklif olunan dəyişikliklər də əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

İclasda çıxış edən müvafiq qurumların nümayəndələri ölkəmizdə aparılan sosial islahatları yüksək qiymətləndirdilər, qanun layihələri barədə fikirlərini bildiriblər.

İclasın sonunda gündəlikdəki yeddi məsələnin hamısı ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Azvision.az

Teqlər: Əmək   Sosial   Komitə   MilliMəclis