Rusiya ilə mədəniyyət sahəsində əlaqələr müzakirə olunub
Görüş zamanı Rusiya Mədəniyyət nazirinin müavini ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən danışıb.
Nazir müavini Pavel Stepanov Azərbaycan nümayəndə heyətinin səfəri münasibətilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyni adlı əsərinin motivləri əsasında çəkilmiş və Rusiya Dövlət Film Fondunun arxivində saxlanılan “Arşın mal alan” filminin müasir kino texnologiyaları vasitəsi ilə təmizlənmiş və rus dilində olan versiyasını diqqətə çatdırmaqdan şərəf duyduğunu qeyd edib.
Nazir müavini Sevda Məmmədəliyeva öz növbəsində rusiyalı həmkarına minnətdarlığını bildirərək, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında çoxşaxəli mədəni əlaqələrin tarixi, bugünkü inkişafı və gələcək əməkdaşlıq perspektivlərindən bəhs edib. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş filmin qısa tarixi haqqında və dünya kino sənətinə böyük töhfə verdiyini xüsusilə qeyd edib.
Daha sonra Azərbaycan nümayəndə heyətinin VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda məhsuldar işi, fəal iştirakı, həmçinin teatr sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazılarının hədiyyə edilməsi haqqında protokol imzalanıb.
Görüşün sonunda Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazıları ilə yanaşı “Arşın mal alan” filminin ilk afişasının surətini hədiyyə etmiş və qonaqları kinostudiyada yenilənmiş “Arşın mal alan” filminin nümayişinə baxmağa dəvət edib.
“Arşın mal alan” filmi tamaşaçılar tərəfindən böyük maraqla izlənib.
Azvision.az
Teqlər: Rusiya Mədəniyyət-Nazirliyi