Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
  15 Noyabr 2019    Oxunub:1637
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda çıxış edən Şura sədri, Ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisini, ictimai həyatın bütün sahələrində əldə olunan genişmiqyaslı uğurları qeyd edib, "Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli fərmanın məhkəmə fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasında müstəsna rolunu vurğulayıb.

Qeyd edilib ki, fərmanın icrası çərçivəsində 40-dək mühüm normativ aktın layihəsi hazırlanıb, məhkəmə fəaliyyətinin təkmilləşməsinə, hakimlərin müstəqilliyinin möhkəmlənməsinə yönələn bir sıra qanunlar artıq qəbul edilib, digər tədbirlər görülüb. Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələr təsbit olunub.

Ölkə Prezidentinin 19 iyul 2019-cu il tarixli sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni kommersiya və ayrıca inzibati məhkəmələr yaradılıb. 2020-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayacaq həmin məhkəmələrin müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülür.

İclasda kommersiya və inzibati məhkəmələrin fəaliyyəti və gələcək iş həcmi üzrə aparılmış təhlillər nəzərdən keçirilməklə onların ərazi yurisdiksiyası müəyyən olunub, dövlət başçısının qeyd edilən sərəncamı ilə qarşıya qoyulmuş digər məsələlər müzakirə olunub.

Həmçinin hakimlərin iş yükünün azaldılması və məhkəmə fəaliyyətinin keyfiyyətinin artırılması məqsədilə fərmanla hakimlərin ştat sayının 200 vahid artırılmasının mühüm əhəmiyyəti vurğulanıb. Həmin ştatların məhkəmələr, o cümlədən yeni yaradılan Kommersiya və İnzibati məhkəmələr üzrə bölüşdürülməsinə dair müvafiq qərar qəbul olunub. Bu ştatların hakimlərlə komplektləşdirilməsinin fəaliyyətin səmərəliliyinin artırılmasına, məhkəmələrdə işlərə vaxtında və keyfiyyətlə baxılmasına xidmət edəcəyi vurğulanıb.

Bununla əlaqədar iclasda hakim vəzifəsinə namizədlərin seçilməsi prosesinin gedişi barədə Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilib. Qeyd edilib ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, xüsusilə dövlət başçısı tərəfindən ayrılmüş əlavə hakim ştatlarının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi Qaydası təkmilləşdirilib, seçim prosesi daha çevik və davamlı xarakter alıb.

Artıq 200-dən çox namizədlə müsabiqə, o cümlədən test üsulu ilə və yazılı imtahanlar keçirilib, 81 nəfər növbəti mərhələyə – şifahi imtahana vəsiqə qazanıb. Həmin hakimliyə namizədlərlə noyabr ayının 15-dən şifahi imtahanlara başlanacaqdır.

Bununla yanaşı, hakim olmaq üçün sənədlərini təqdim etmiş 250-dək hüquqşünasla noyabr ayının 23-də növbəti test imtahanının keçiriləcəyi bildirilib. Müasir texnologiyalar tətbiq edilməklə təşkil olunan və onlayn qaydada canlı yayımlanan imtahanda hər bir namizəd sualları kompüter vasitəsilə, fərdi qaydada cavablandıracaq və nəticələr ona dərhal elan olunacaqdır.

İclasda hakimlərin seçimi üzrə görülən işlər təqdir olunub, imtahanların tam şəffaf və obyektiv keçirilməsinin, ən layiqli hüquqşünasların seçilərək hakim vəzifələrinə təyin edilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin məhkəmə fəaliyyətində aşkarlığın artırılması, o cümlədən kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələrinin səmərəli qurulması üzrə bəzi təşkilati məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

Şurada qanunvericiliyin kobudcasına pozulmasına, süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə 4 hakimə töhmət verilib, Etik Davranış Kodeksinin tələblərinin pozulmasına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakim barədə intizam icraatları başlanılıb.

Azvision.az


Teqlər: Məhkəmə-HüquqŞurası  





Xəbər lenti