“Tural Sadıqlı və Orduxan Teymurxan da mühacir biznesi ilə məşğuldur” - Yeni faktlar

  14 Noyabr 2019    Oxunub : 15857
“Tural Sadıqlı və Orduxan Teymurxan da mühacir biznesi ilə məşğuldur” - Yeni faktlar
“Bu gün Avropada Azərbaycan əleyhinə çirkin kampaniya aparan “siyasi mühacir”lərin hər biri miqrant biznesi ilə məşğuldur. Bunu faktlarla bilirəm”.

Bu barədə Azvision.az -a açıqlamasında Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev deyib.
Diaspor rəhbərinin sözlərinə görə, Almaniyada yaşayan azərbaycanlılar bununla bağlı dəfələrlə ona müraciət ediblər:

“Almaniyada saxlanılan şəxslərdən Əlövsət Əliyev və Mehdi Xəlilbəylini şəxsən tanıyıram və onların fəaliyyətinə də bələdəm. Onlar uzun müddət bu işləri görüblər. Tanınmış siyasi partiyaların birbaşa rəhbərlikləri ilə qanunsuz miqrasiya işi ilə məşğul olublar. Azərbaycandan Avropaya “siyasi mühacir” adı altında gedənlərin əksəriyyəti sırf miqrant biznesi ilə məşğul olmaq üçün buradadırlar. Onlar bilirlər ki, Avropaya heç bir siyasi partiya üzvü olmayıb, müxtəlif yollarla gələnlər də var. Həmin şəxslərə siyasi mənsubiyyət mütləqdir. Bu olmasa, orada siyasi oturum verilmir”.

R.Quliyev vurğulayıb ki, ölkədə icazəli və ya qanunsuz aksiyaların hamısı mühacir biznesini inkişaf etdirmək üçün keçirilir: “İcazəsiz aksiyalarda öndə gedənlər, qəsdən polisi provakasiyaya çəkənlərin əksəriyyətini bir neçə aydan sonra Avropada görürük. Bu cür siyasi tədbirlər məhz xaricə adam göndərmək üçün təşkil olunur. Belə işlərlə məşğul olanlar Avropaya gəlmək istəyənlərə aksiyalarda iştirak etməyi, partiyaların rəhbərliyindən isə aksiyalar təşkil etməyi tələb edirlər. Onların məqsədi demokratiya və ya hansısa problemi dilə gətirmək deyil, bu cür tədbirlərlə mühacir biznesini inkişaf etdirməkdir”.



Diaspor rəhbəri əlavə edib ki, bu kimi hallar dəfələrlə sübut olunub: “Müsavat və digər radikal müxalifət partiyalarının rəhbərliyi saxta vəsiqələri çap edib göndərirlər. Bunu nəinki mən, partiyanın funksionerləri və Avropadakı fəalları da təsdiq edər. Bir çoxları ilə söhbət etmişəm. Onlar deyir ki, işi paket şəklində danışırlar. Yəni, bu paketin içinə vəkil xidməti, partiya vəsiqəsi, partiyadan arayış, müxtəlif tədbirlərdə fotoların çəkilməsi xidməti və.s daxil olur. Hətta məndə məlumat var ki, yaxşı məbləğə aksiyadan şəkillər götürülür. Bu şəkillər “Azadlıq” və digər saytlarda çap olunur. Bütün bunlar şəxslərin gələcəkdə mühacirətə getmələri üçün edilir. Bütün bunlar qabaqcadan təşkil olunur. Mühacirətə bir nəfər gedəsidirsə, 3-5 ay əvvəldən hazırlıq prosesi başlayır. Məbləğ 5, 10, bəzən 15 min manata qədər çıxır. Ailə üzvlərinin sayı çox olanda qiymət daha da artır”.

R.Quliyevin sözlərinə görə, son vaxtlar Avropada oturum almaq çətinləşib. Ona görə inanmadıqları əksər adamları geri göndərirlər.

"Avropa və Azərbaycan arasında münasibətlər dərinləşir. Qanunsuz miqrasiyanın qarşısını almaq üçün Azərbaycan tərəfi Avropa ölkələri ilə ciddi iş aparır. Avropa polis orqanı bu məsələni ciddi şəkildə araşdırsa, bu gün əleyhimizə təbliğat aparanların əksəriyyəti - Tural Sadıqlı, Orduxan Teymurxan kimi insanlar, AXCP-dən bir neçə funksionerin bu cür fəaliyyətləri ortaya çıxacaq. Çünki bu adamlar saxta sənəd çıxarma aparatları ilə Çexiya, Polşaya aid sənədlər hazırlayırlar. Oturum üçün rədd cavabı almış insanlar həmin sənədlərlə yenidən qeydiyyata düşürlər. Hələ də belə insanlar var”.

Saxlanılan şəxslərin necə cəzalandırılacağına gəlincə R.Quliyev deyib: “Əgər cinayət, hüquq pozuntusu Almaniyada baş veribsə, onlar bu ölkədə cəza alacaqlar. Onlar Azərbaycana təhvil verilə bilməzlər. Çünki həmin şəxslər siyasi mühacir statusu alıblar. Siyasi mühacir statusu alanlar BMT-nin Siyasi Mühacir Statusu haqqında Konvensiyasına görə, ən ağır cinayəti törətsələr də, geri göndərilmirlər. Amma onların Azərbaycanda əsaslı cinayətləri sübut olunarsa, hökumət iş apararsa, o zaman geri göndərilə bilərlər”.

Qeyd edək ki, noybarın 13-də Almaniyada miqrant biznesi ilə məşğul olan 7 Azərbaycan vətəndaşı saxlanılıb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Mühacir   Biznes   Almaniya