Ermənistanda uşaqlar pulla əcnəbilərə satılır

Ermənistanda uşaqlar pulla əcnəbilərə satılır
  14 Noyabr 2019    Oxunub:1743
Ermənistanda uşaqlar qanunsuz olaraq əcnəbilərə satılıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. 30-dan çox uşağın qanunsuz olaraq İtaliya vətəndaşlarına övladlığa verilməsi müəyyən edilib və faktla bağlı cinayət işi açılıb, ilkin istintaq aparılır.
Məlumata görə, iki Ermənistan vətəndaşı respublika perinatal mərkəzlərindən birində, uşaq evlərində əlaqələrindən istifadə edərək uşaq alveri ilə məşğul olub.

Xüsusilə, doğum evinin direktoru və bir sıra məsul işçilər 2016-cı ildən 2018-ci ilə qədər olan müddətdə əvvəlcədən razılaşma və tamah məqsədilə qadınları müxtəlif bəhanələrlə uşaqlarından imtinaya məcbur ediblər. Cinayətkarların qurbanları şəxsi və ya sosial səbəblərə görə hamiləliyin süni şəkildə ləğv edilməsi ilə müraciət edən onlarla qadın olub.

Qadınlar inandırma, hədə-qorxu, şantaj (qeyri-qanuni hamiləlik haqqında məlumatın yayılması) yolu ilə uşaqlardan imtinaya və övladlığa götürülmə üçün icazə imzalamağa məcbur ediliblər. Bəzi hallarda analara yeni doğulan uşaqlarının xəstə olduğunu bildiriblər.

Bundan sonra hazır sənədləri olan yeni doğulmuş körpələrin əksəriyyəti uşaq evlərinə köçürülüb. Övladlığa götürülmə prosesində Ermənistan vətəndaşlarına əngəl yaradılıb. Belə ki, 2008-ci ildən 2018-ci ilə qədər 6 uşaq evindən 505 uşaq xarici vətəndaşlara, 114 uşaq isə eyni müddətdə yerli vətəndaşlara övladlığa verilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti