Tramp Zelenski ilə telefon danışığının stenoqramını yayacaq

Tramp Zelenski ilə telefon danışığının stenoqramını yayacaq
  12 Noyabr 2019    Oxunub:1878
ABŞ Prezidenti Donald Tramp bu həftə Ukrayna lideri Vladimir Zelenski ilə apreldə keçirdiyi telefon söhbətinin stenoqramını dərc edəcək.

Azvision.az xəbər verir ki, bu barədə Tramp "Twitter"də yazıb.
"Tarixin ən şəffaf Prezidenti olmağa davam etmək üçün bu həftə Ukrayna Prezidenti ilə ilk, deməli, ən vacib olan telefon danışığının stenoqramını yayacağam”, - deyə Tramp bildirib.

Söhbət Amerika liderinin Zelenskini prezident seçkilərindəki qələbə münasibətilə təbrik etdiyi telefon danışığından gedir.

"Əminəm ki, bunu həyəcanla qarşılayacaqsınız”, - deyə Tramp əlavə edib.

Xatırladaq ki, ABŞ-da Tramp və Zelenski arasında iyulda baş tutan telefon danışığı ətrafında böyük qalmaqal yaşanıb. Söhbətin məzmunu Amerika administrasiyasının rəhbərinə qarşı impiçment prosedurunun başlamasına səbəb olub.

Trampın siyasi rəqiblərinə görə, o, Ukrayna Prezidentinə demokrat senator, keçmiş vitse-prezident Co Baydenin oğlunun “korrupsiya əlaqələrini” araşdırmaq üçün təzyiq göstərib.

Məlum üçün bildirək ki, Bayden növbəti seçkilərdə demokratlardan prezidentliyə əsas iddiaçıdır və onun oğlu Hanter Bayden Ukraynada vaxtilə bizneslə məşğul olub.

İddiaya əsasən, telefon danışığı zamanı Tramp Zelenskiyə bildirib ki, Bayden və oğlu barədə araşdırma aparılmasa, ABŞ Ukraynaya 250 milyon dollarlıq yardımı dayandıracaq.

Ağ Ev administrasiyası isə bundan sonra telefon danışığının stenoqramını açıqlayıb. Lakin stenoqramda Trampın Zelenskini təhdid etməsi ilə bağlı məqam yer almayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tramp   Zelenski  





Xəbər lenti