Milli parkda ilk dəfə marafon keçirilib

Milli parkda ilk dəfə marafon keçirilib
  09 Noyabr 2019    Oxunub:3250
Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 9-da Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” ilk qaçış marafonu keçirilib.
Azvision.az xəbər verir ki, “Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!” şüarı altında təşkil olunan marafona ilk olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti dəstək verib və kollektiv olaraq yürüşə qoşulub.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, qaçış marafonunun keçirilməsində əsas məqsəd təkcə milli parklarda ekoturizmin inkişafına nail olmaq deyil, eyni zamanda, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.



Mətbuat katibi qeyd edib ki, ilk dəfə olaraq Azərbaycanın milli parklarından birində bu cür kütləvi maarifləndirici və ətraf mühitin mühafizəsinə diqqət çəkən qaçış marafonu keçirildi.

"Bu, ekoloji turizmin təbliği, sağlam həyat tərzinin təşviqinə yönələn tədbir olmaqla yanaşı, insanların həftəsonu günlərini təbiət ərazilərində səmərəli keçirmələri üçün bir nümunədir. Çox sevindiricidir ki, Dövlət Bayrağı Gününü milli parkda yaddaqalan tədbirlə qeyd etdik. Ətraf mühitin sağlamlaşdırılmasına, sağlam həyat tərzinin aşılanmasına hədəflənən bu cür tədbirlər davamlı olaraq digər milli parklarımızda da təşkil olunacaq".

Marafona qoşulan 70-ə yaxın iştirakçı 6 kilometr məsafə qət edib və finiş xəttini keçən ilk üç marafonçu hədiyyələrlə mükafatlandırılıb. Həmçinin marafonun bütün iştirakçılarına mayın 1-dək yaxınları ilə birgə Abşeron Milli Parkına birdəfəlik ödənişsiz giriş imkanı verən dəvətnamə təqdim olunub.



Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Leyla Məmmədova ilk öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təbiət qoynunda, əlamətdar bir gündə marafonu təşkil etdiyinə görə minnətdarlıq bildirib: “Bayram günü olmasına baxmayaraq, hər iki qurumun əməkdaşları marafonda aktiv iştirak etdilər. Bu gün sağlam həyat tərzini təbliğ etdik, ətraf mühitin mühafizəsinə diqqət çəkdik və milli parklarımızdan birini göstərmiş olduq. Düşünürəm ki, bu tədbiri keçirtməklə digər vətəndaşlar üçün yaxşı nümunə ola bildik”.



Yarışın qalibləri Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Şahmar Rzayev və Günəş Bünyadzadə qaçış marafonun təşkilini təqdirəlayiq hal kimi qiymətləndiriblər. Onlar bu gün milli parkda sağlam həyat tərzi keçirdiklərini və buradan xoş təəssüratlarla ayrıldıqlarını bildiriblər. Yarış iştirakçıları digər qurumların da belə tədbirlər keçirməsini tövsiyə ediblər.

















Azvision.az




Teqlər: Bayraq   Yürüş  





Xəbər lenti