Paşinyanın bəyanatı həmsədr ölkələr tərəfindən hiddətlə qarşılanıb

Paşinyanın bəyanatı həmsədr ölkələr tərəfindən hiddətlə qarşılanıb
  08 Noyabr 2019    Oxunub:3411
“İrəvanın Dağlıq Qarabağ danışıqlarının formatını dəyişdirmək cəhdləri sülh prosesi üçün açıq təhdiddir”.
Azvision.az xəbər verir ki, bu barədə ATƏT Daimi Şurasının iclasında Minsk qrupunu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabatın müzakirəsi zamanı Azərbaycanın qurum yanında Daimi Nümayəndəliyinin səsləndirdiyi bəyanatında deyilir.

Bəyanatda vurğulanıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hər hansı irəliləyiş yoxdur.

“ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təsdiqlədiyi kimi, cəbhədə atışların sayı xeyli azalıb. Onlar, həmçinin effektiv müzakirələr və danışıqlarda irəliləyişə nail olmaq üçün əlverişli atmosferin olmasını da təsdiq edirlər. Lakin təmas xətti boyunca 2018-ci ilin sentyabrından bəri davam edən nisbətən sakitlik Qarabağ münaqişəsinin tənzimlənməsində müsbət dəyişikliklərə səbəb olmadı. Fakt budur ki, bu gün yalnız görüşlər haqqında danışa bilərik, amma bu, həmsədrlərin özlərinin də qeyri-sabit və qəbuledilməz hesab etdikləri mövcud status-kvonu dəyişə biləcək əsaslı məsələlərin tam müzakirəsinə səbəb olmur", - deyə Azərbaycanın diplomatik qurumunun bəyanatında bildirilib.

Qeyd edilib ki, görüşlərin müəyyən intensivliyinə baxmayaraq, Ermənistanın danışıq aparmaq üçün açıq siyasi istəyinin olmaması prosesin gedişatına mane olmaqda davam edir:

"Bu çərçivədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkdakı görüşü məyusluqla bitdi. Hesab edirik ki, bəzi etimad tədbirləri həyata keçirilə bilər. Lakin bu, danışıqlar prosesində alternativ ola bilməz. Xalqların sülhə hazırlığı ilə bağlı kiçik addımlar əsaslı danışıqlar üçün ilkin şərt kimi irəli sürülə bilməz. Son bir ildə Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının və sülh prosesini pozmaq cəhdlərinin şahidi olduq.

Ermənistan baş nazirinin qızışdırıcı "Dağlıq Qarabağ Ermənistandır. Nöqtə" bəyanatı beynəlxalq ictimaiyyət, həmçinin həmsədr ölkələr tərəfindən haqlı olaraq hiddətlə qarşılandı. Belə bəyanatlar, o cümlədən Ermənistan müdafiə nazirinin "Qarabağ məsələsi həll olunub" kimi açıqlaması sülh prosesinə zərər gətirir. Belə olan halda, İrəvanın danışıqlar formatını dəyişdirmək cəhdləri sülh prosesi üçün açıq təhdiddir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   ATƏT   Azərbaycan   Bəyanat  





Xəbər lenti