Türkiyə PA: “Avropanın təhlükəsizliyi bizdən asılıdır”

 Türkiyə PA:  “Avropanın təhlükəsizliyi bizdən asılıdır”
  08 Noyabr 2019    Oxunub:2219
“Suriyada İkinci Dünya Müharibəsindən bu yana ən acınacaqlı humanitar fəlakətin şahidi oluruq”.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Rəhbəri Fəxrəddin Altun özünün “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, böhran Avropa İttifaqının sərhədlərində baş verir

“Bu kritik anda avropalı dostlarımızı və Aİ-ni bir daha Türkiyə ilə məsuliyyəti və yükü bölüşməyə çağırırıq. Heç vaxt gec deyil! Suriyada böhran başladığı gündən bəri Türkiyə bu ölkədə humanitar fəlakətlərin nəticələrini yüngülləşdirmək üçün təhlükəsiz zonalar yaratmağı təklif edir.

Egey və Aralıq dənizlərində baş verən faciələr bunun zəruri olduğunu göstərir. Bütün avropalı dostlarımızı Suriyada təhlükəsiz zona yaratmaqda bizimlə əməkdaşlığa dəvət edirik”.

O, qeyd edib ki, Aİ üzvləri verdiyi sözlərə əməl etməli və qaçqın məsələsində Türkiyə ilə razılaşmaya uyğun hərəkət etməlidirlər: “Onlar Türkiyədə yaşayan qaçqınların vəziyyətinin yaxşılaşdırılmasına kömək etməlidirlər.

Suriya böhranından qaynaqlanan qeyri-sabitlik terrora qarşı mübarizədə ölkələrin ortaq səylərinə ehtiyac olduğunu göstərir. Ölkələrin sərhədləri transmilli təhdidlərə qarşı özləri tərəfindən qoruna bilməz. Axı Avropanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyindən asılıdır”.

Azvision.az




Teqlər: Türkiyə   Suriya  





Xəbər lenti