İsa Qəmbər-Əli Kərimli görüşünün TƏFƏRRÜATLARI

İsa Qəmbər-Əli Kərimli görüşünün TƏFƏRRÜATLARI
  13 Dekabr 2013    Oxunub:970
“Müsavat rəhbərliyi ilə AXCP nümayəndələri arasında keçirilən görüşdə Milli Şuranın vəziyyəti, fəaliyyəti, qarşıda duran məqsədlər, o cümlədən ölkdəki ictimai-siyasi vəziyyətlə bağlı bir çox məsələlər müzakirə olunub”.
Bu barədə AzVision.az-a AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı məlumat verib.

AXCP rəsmisi hesab edir ki, görüş faydalı olub: “Qarşılıqlı fikir mübadiləsi aparıldı və bir çox məsələlərə münasibətdə mövqelər daha dəqiq ifadə olundu və qarşılıqlı olaraq aydınlaşdır. Eyni zamanda Müsavat partiyası tərəfindən AXCP-yə müttəfiqlik münasibətinin yaranması təklif olundu. Bu məsələlər partiyamızın Rəyasət Heyətində müzakirə olunub qərar veriləcək. Şəxsi qənaətim isə belədir ki, biz iki il bundan öncə Xalq Cəbhəsinin qurultayında Müsavatla birləşmək barədə qərar vermişdik. Biz ikitərəfli münasibətlərdə inteqrasiyanı vahid, super partiyanın yaranması mexanizmi formasında görürük. Ona görə də belə qərar qəbul olunub. Bu qərara Müsavat Partiyası tərəfindən adekvat cavab hələ verilməyib. Ona görə də daha üstün münasibət kimi vahid partiyanın yaranması bizim üçün daha məqbul, daha real variantdır”.

Sədr müavini vurğulayıb ki, bu günkü görüşdə prioritet məsələ Milli Şuranın bütövlüyünün qorunması olub.

“Həmçinin Milli Şuranın fəaliyyətinin davam etdirilməsi də mühüm məsələdir. Milli Şura çərçivəsində də onun rəhbər strurkturklarının yaranması, regional təşkilatlarının yaradılması istiqamətində də biz əməkdaşlıq edə bilərik. Müttəfiq kimi birgə fəaliyyət göstərə bilərik. Qarşıdakı dönəm içində AXCP üçün prioritet Milli Şura çərçivəsində münasibətlərin dərinləşdirilməsi və onun bütövlüyünün qorunub saxlanılmasıdır”.

F.Qəhrəmanlının sözlərinə görə, Müsavat partiyasının bu görüşləri keçirməyi onun Milli Şurada qalıb qalmamasına qərar vermək üçündür:

“Görüşdə tərəflər bir-birilərinə öz mövqelərini, fikirlərini dedilər. bu görüşü ona görə faydalı hesab edirik ki, həm Müsavat Partiyasının bir çox məsələlərlə bağlı mövqeyini daha dəqiq bilmək imkanımız yarandı. Eyni zamanda Müsavat Partiyası özü üçün prinsipial hesab etdiyi məsələlərə münasibətdə Xalq Cəbhəsinin mövqeyini bilmək imkanı yarandı. Qarşılıqlı münasibətlərin öyrənilməsi baxımından görüş faydalı oldu”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti