"Hər bir müəllim xarici dil bilməlidir" - Nazir müavini

   "Hər bir müəllim xarici dil bilməlidir" -    Nazir müavini
  07 Noyabr 2019    Oxunub:2289
"Hər bir müəllim yüksək mədəniyyətə malik olmalıdır. Ola bilsin ki, müəllim peşəkardır, fənninin yaxşı bilir, amma mədəniyyəti yoxdur".
Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Ağdam Musiqi Kollecində müəllimlərlə görüşündə deyib.

Nazir müavinin sözlərinə görə, müəllimlərdə öyrətmək bacarığı olmalıdır: "Müəllimlər elə etməlidir ki, şagirdlərdə, tələbələrdə həm mütaliə bacarığı olsun, həm də müasir dövrdə informasiyaları lazımlı olub-olmadığını aydınlaşdıra bilsin. Bu keyfiyyətlər olmasa onda həmin tələbələr əmək bazarında özlərinə iş tapa bilməyəcək".

F.Qurbanov qeyd edib ki, bu gün təhsil müəssisələrində bir fənnin proqramını tam tədris etmək mümkün deyil: "Dünya, elm, texnologiyalar o qədər sürətlə inkişaf edir ki, biz onu çatdırıb öyrənə bilmərik. Buna görə də hər bir müəllim öz üzərində çalışmalı, elmi yeniliklərdən, texnologiyalardan xəbərdar olmalıdır. Müəllim xarici dil bilməlidir ki, elmdə olan dəyişiklərdən, yeniliklərdən xəbərdar olsun. Həm də müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır. Bu gün virtual tədris metodlarından da geniş istifadə olunur. Virtual tədris qısa zamanda böyük informasiyanı, elmdə olan dəyişiklikləri öyrənməyə imkan yaradır. Heç kim deyə bilməz ki, sabah hansı ixtisaslar, peşələr olacaq. Proqnoz var ki, 10 ildən sonra bu gün mövcud olan peşə və ixtisasların 20 faizinə ehtiyac qalacaq".

Nazir müavini qeyd edib ki, bu gün bütün sahələrdə süni intelekdən istifadə olunur və insanları robotlar artıq əvəz edir: "Ona görə də gələcəkdə hansı peşələrin olacağını demək çətindir. Biz gəncləri elə formalaşdırmalıyıq ki, onların gələcəkdə öz ixtisasını dəyişmək bacarığı olsun. Hər bir müəllim öz məsuliyyətini dərk etməlidir. Hər bir insan müəllim ola bilməz. Bu şərəfli peşədir. Müəllim bütün dövrlərdə, sivilizasiyalarda həmişə nümunə olub".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Müəllim  





Xəbər lenti