Evlənmək istəyən 39 cütlükdə talassemiya aşkarlanıb

   Evlənmək istəyən 39 cütlükdə talassemiya aşkarlanıb
  07 Noyabr 2019    Oxunub:1661
2019-cu ilin oktyabr ayı ərzində evlənmək istəyən 12 645 nəfər tibbi müayinədən keçib. Onlardan 365 nəfərdə talassemiya daşıyıcılığı, 39 nəfərdə sifilis, 19 nəfərdə QİÇS aşkarlanıb.
Bu barədə Azvision.az -a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

Onun sözlərinə görə, müayinədən keçən 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib. 2019-cu ilin 10 ayı ərzində isə evlənmək istəyən 116 263 nəfər müayinədən keçib. Onlardan 3018 nəfərdə talassemiya daşıyıcılığı, 251 nəfərdə sifilis, 126 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 39 olub.

Ümimilikdə indiyədək 616 076 nəfər müayinədən keçib. Onlardan 21 253 nəfərdə talassemiya daşıyıcılığı, 1 979 nəfərdə sifilis, 581 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 228 olub.

Z.Əlimirzəyevanın fikrincə, bu cütlüklərə genetik konsultasiya verilir ki, hamiləliyin 12-18 həftəsində müayinədən keçmək üçün müraciət etsinlər.

"Hamiləlik zamanı dölyanı maye götürülür, molekulyar genetik müayinə aparılır və uşağın xəstə, daşıyıcı və ya sağlam olduğu müəyyən edilir. Xəstə uşaq olanda tibbi yolla abort edilir. Bu, könüllü aparılır. İndiyə qədər hamilə qadınlarda müşahidə edilən xəstə uşaqları valideynlər abort etdirib. Beləliklə, talassemiyalı doğulan uşaqların sayında əhəmiyyətli dərəcədə azalma müşahidə edilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Müayisə   QİÇS   Talassemiya   Xəstəlik  





Xəbər lenti