Davudoğlunun İrəvan səfərinə YAP-dan MÜNASİBƏT

Davudoğlunun İrəvan səfərinə YAP-dan MÜNASİBƏT
  13 Dekabr 2013    Oxunub:1106
“Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın İrəvanda baş tutan görüşü sırf diplomatik protokol görüşü idi”.
AzVision.az-ın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

YAP-çı deputatın fikrincə, Ermənistan son günlər Ankara ilə münasibətləri yaxşılaşdırmaq istəyir.

“Türkiyə Ermənistan üçün çox böyük əhəmiyyət daşıyan ölkə olsa da, cənab Davudoğlunun İrəvan səfəri zamanı onun Ermənistan prezidenti ilə görüşü baş tutmadı və bu, özü onu göstərir ki, iki ölkə arasında münasibətlər hələ də çox soyuqdur.

Bütün bu soyuqluqlara rəğmən, son zamanlar Ermənistan tərəfi Türkiyə ilə münasibətləri istiləşdirməyə, yumşaltmağa nail olmaq və bununla da həmin ölkənin geniş imkanlarından yararlanmaq istəyir.
Ancaq indiki məqamda bu, Türkiyə üçün qəbulolumazdır. Çünki qardaş Türkiyə dövləti, bu ölkənin rəhbərliyi və ən əsası Türkiyə ictimaiyyəti bu münasibətlərə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının geriyə qaytarılması şərti ilə yanaşır, hər zaman bu mövqedən çıxış edir.

Eyni zamanda, Türkiyənin daim ən böyük strateji müttəfiqi olan Azərbaycanın mövqeyini müdafiə etməsi, Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə dəvət etməsi çox vacib bir addımdır”.

Deputat əlavə edib ki, xarici işlər nazirlərinin məlum görüşü həm də beynəlxalq təşkilatların İrəvanda təşkil etdikləri tədbir çərçivəsində reallaşdırılan adi bir görüşdür.

“Düzdür, Türkiyə tərəfi bu görüşlə, səfərlə bağlı bir yenilik də etdi, yəni, o, bu görüşə xarici işlər naziri cənab Davudoğlunu yox, Türkiyə Xarici İşlər Nazirliyinin başqa bir məsul əməkdaşını da göndərə bilərdi. Həmçinin, Türkiyə tərəfindən bu görüşə, səfərə 3 erməninin də cəlb olunması Türkiyənin Ermənistana bir jesti kimi qəbul edilə bilər.

Amma bir daha qeyd etmək lazımdır ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin istiləşməyə, yaxınlaşmaya doğru getməsi yalnız bir şərtlə - Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarını işğaldan azad etməsi şərt ilə, bu işğala son qoyulandan sonra mümkün ola bilər və qardaş Türkiyə dövləti də Ermənistanla münasibətlərdə hər zaman ciddi şəkildə bu məqamı nəzərə alır”.

Rüstəm İsmayılov


Teqlər:





Xəbər lenti