11 qanun layihəsi plenar iclasa tövsiyə olundu

11 qanun layihəsi plenar iclasa tövsiyə olundu
  06 Noyabr 2019    Oxunub:1725
Noyabrın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, komitənin sədri Əli Hüseynli Azərbaycan Prezidentinin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının tələblərinə uyğun olaraq 11 qanuna dəyişiklik edilməsi barədə məsələnin eyni zərfdə Milli Məclisə daxil olduğunu bildirib. Qeyd edib ki, bu dəyişikliklər ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədi daşıyır.

İclasda çıxış edən Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev deyib ki, müvafiq Fərmandan irəli gələrək “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara (birinci oxunuş), həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi (birinci oxunuş) təklif olunur. Bu dəyişikliklər vahid məhkəmə təcrübəsinin yaradılmasına xidmət edəcək, məhkəmələr arasında fikir ayrılığını aradan qaldıracaq və məhkəmə ekspertizasının təyin edilməsindəki problemlərin həllinə kömək edəcək.

Sonra çıxış edən Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi Elçin Nəsibov bildirib ki, bu dəyişikliklər hazırlanarkən bir sıra ölkələrin qanunvericiliyi araşdırılıb, beynəlxalq təcrübə nəzərə alınıb. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna təklif olunan dəyişikliklərdə məhkəmə ekspertinə verilən tələblər, məhkəmə ekspertinin fəaliyyətinə xitam verilməsi, məhkəmə ekspertlərinin attestasiyası, məhkəmə ekspertlərinin reyestri, məhkəmə ekspertizası tədqiqat metodlarının dövlət reyestri, məhkəmə ekspertizasının aparılmasının əsasları və digər məsələlər öz əksini tapıb.

Qeyd edilib ki, gündəlikdəki digər qanunlara təklif olunan dəyişikliklər də bu qanuna ediləcək dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.

İclasda çıxış edən komitə üzvləri Tahir Kərimli, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Fəzail Ağamalı, Elşən Musayev, Azay Quliyev və Məlahət İbrahimqızı ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi baxımından təklif olunan dəyişiklikləri yüksək qiymətləndiriblər.

Müzakirələrdən sonra gündəlikdəki 11 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Azvision.az


Teqlər:





Xəbər lenti