Əli İnsanov və “6 başlı” görüş: “Dönüklük milli birlikdən daha vacibdir” - VİDEO

  Əli İnsanov və “6 başlı” görüş:  “Dönüklük milli birlikdən daha vacibdir” -  VİDEO
  06 Noyabr 2019    Oxunub:12331
Dünən Bakıda müxalifət “liderləri”nin görüşü olub. Görüşdə AXCP sədri Əli Kərimli, Müsavatın keçmiş başqanı İsa Qəmbər, partiyanın indiki sədri Arif Hacılı, Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn (həm də partiyanın yeganə üzvüdür – red), “Turan” agentliyinin direktoru Mehman Əliyev və keçmiş səhiyyə naziri Əli İnsanov iştirak ediblər. Bəziləri bu görüşü müxalifətin birliyi, yeni ittifaqın başlanğıcı kimi qələmə verməyə çalışırlar. İddia edirlər ki, “6 başlı” müxalifət bundan sonra iqtidara qarşı birlikdə “vuruşacaq”.
Gəlin, lap əvvəldən başlayaq. Siyasətlə maraqlananlar belə “ittifaq”ların çox şahidi olublar. Müxalifətin müxtəlif adlar altında birləşməsi, bir neçə ay sonra ayrılması, dalaşması, yenidən eyni masa arxasına yığışması heç kimdə təəccüb doğurmamalıdır. Yaxın keçmişə baxanda görərik ki, müxalifətdaxili birləşmələr dəfələrlə təkrarlanıb.

Dəyirmi masada baş sındıran Əli Kərimli və İsa Qəmbərin birləşib-ayrılmasının sayını yəqin ki, özləri də unudublar. Bir vaxtların məşhur “Santa Barbara” serialını xatırladan AXCP-Müsavat birliyinin sonu nədənsə həmişə nakam ayrılıq olub. Bu mənada siyasət meydanında ulduzları barışmayan hər iki partiyanı ən yaxşı halda “mehriban düşmən” adlandırmaq olar.

“6 başlı” görüşdə ən çox diqqət çəkən məqam Əli İnsanovun orada peyda olması idi. Bəli, düz eşitdiniz, Əli İnsanov! Keçmişdə indiki iqtidarın komandasında müxalifətin ən sərt tənqidçilərindən biri məhz o idi. Bu, həmin Əli İnsanovdur ki, ürəyinə yaxın yerdə - sol tərəfində əyləşən İsa Qəmbəri illər öncə genetik xəstə, casus, satqın, ermənilərin dostu adlandırırdı. Bəs necə oldu rüşvətxor, korrupsiyanın "atası"ı sayılan İnsanov təhqir etdiyi, yuxarıdan aşağı baxdığı müxalifətçilərlə üz-üzə gələ bildi? Buna nə ad vermək olar, satqınlıq, yoxsa "qəhrəmanlıq"?



İnsanovun İsa Qəmbər haqqında dediklərini bir daha xatırlamaq yerinə düşər: “İsa Qəmbər, sən genetik xəstəsən. Meydanı qoyub qaçdılar. Erməni lobbisinin təşkil etdiyi bir toplantını buraxmadılar. Dönük, casusluq çörəyi onlar üçün milli birlikdən daha vacibdir. Mən bu müxalifəti iqtidara gəlmək yuxusundan oyadıb, bir sənət öyrənməyi məshətə görərdim. İnanıram ki, zaman gələcək Azərbaycan iqtidarının bugünkü barışmaz müxalifətinin gələcək övladları da öz babalarına nifrətlə yad edəcəklər”.

Başa düşdük, Əli İnsanov öz liderinə, öz komandasına, öz əqidəsinə xəyanət etmiş riakar, siyasi dönükdür. Onun ləkələnmiş bioqrafiyası hamıya məlumdur. Zamanında özünə divident qazanmaq üçün İsa Qəmbəri, Əli Kərimlini yıxıb-sürüyürdü, onların barəsində olmazın sözlərini deyirdi.

Bəs, İsa Qəmbər nə tez bunları unutdu? Onu "genetik xəstə" adlandıran eks-nazirlə əl-ələ verib görüşəndə heç utanmadımı?

Yaxşı olardı ki, özünü demokrat adlandıran cənab Qəmbərov bu suallara mütləq cavab versin. Əks halda barəsində səslənən fikirləri qəbul etmiş olacaq.

Əslində nə Əli İnsanovun, nə də həmin o yumru masada oturanların bir-birilərinə qarşı münasibəti dəyişməyib. Dəyişən sadəcə simalar və tarixin təqvimidir. Qeyri-səmimiyyətdən doğan "fövqəladə görüş" müxalifətin birliyindən çox onların ifşasına, maskaların yırtılmasına, gülüş hədəfinə tuş gəlməsinə səbəb oldu. Bunun şahidi olmaq üçün sosial şəbəkələrdə yazılan statusları oxumaq kifayətdir.

Görüntü yaratmaq üçün bir araya gələn "başlar" özləri də tükəndiklərinin fərqindədirlər. Saman çöpündən yapışaraq ayaqda qalmağa çalışırlar. Çarəsiz və çox gücsüzdürlər, iflasın dibində vurnuxurlar. Çıxış yolunu onları ağır ifadələrlə təhqir edən Əli İnsanova yarınmaqda görən "liderlər" necə rəzil durumda olduqlarını dünənki görüşdə bir daha nümayiş etdirdilər. Başqa sözlə desək, dünən Rüstəm İbrahimbəyovdan imdad diləyənlər, bu gün Əli İnsanovun çətiri altına sığınırlar. Necə də təzadlı və utancverici mənzərədir!

Əli İnsanovun dediyi kimi, vaxt gələcək nəinki nəvələri, onların özləri də siyasi keçmişlərinə baxanda nifrət edəcəklər. O zaman çox gec olacaq. Çünki xəyanət və dönüklük heç vaxt bağışlanmır. Bunu cənab İnsanov daha yaxşı bilir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Müxalifət   Dəyirmi-Masa  





Xəbər lenti