Səngiməyən qalmaqal, SSRİ-nin sirli məmuru: Primakov kimdir? - DOSYE

Səngiməyən qalmaqal, SSRİ-nin sirli məmuru:  Primakov kimdir? - DOSYE
  05 Noyabr 2019    Oxunub:18318
Son günlər Azərbaycanda Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı sərgi və esse müsabiqəsinin keçirilməsi ətrafında qalmaqal səngimir. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin təşkil etdiyi müsabiqədə Bakı Slavyan Universitetinin tələbələrinin iştirakı ciddi narazılığa səbəb olub.
Bununla bağlı sosial şəbəkələrdə, mediada qazilər, ictimai xadimlər tərəfindən tənqidi fikirlər səsləndərilib. Sözügedən qalmaqal ətrafında müzakirələr hələ də davam edir.

Bəs, böyük qalmaqala səbəb olan Primakov kimdir?

Yevgeni Primakov 1929-cu il oktyabr ayının 29-da Kiyevdə anadan olub. Atasının kimliyi barədə rəsmi məlumat demək olar ki, yoxdur. Qeyri-rəsmi məlumatlara görə, atası oğlu doğulandan üç ay sonra həbs edilib və güllələnib. Anası Kirshenblat Anna (1896-1972) mama-ginekoloq olub.

Yevgeni uşaqlıq və yeniyetməlik illərini Tbilisidə keçirib. Moskva Dövlət Universitetinin iqtisadiyat fakültəsini və Moskva Şərqşünaslıq İnstitutunun ərəb şöbəsini bitirib. O, ərəb və ingilis dili ilə yanaşı gürcü dilində də mükəmməl danışıb.



İlk əmək fəaliyyətinə jurnalist kimi başlayıb. Daha sonra Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü, SSRİ Ali Sovetinin sədri işləyib. 1990-cı ildə o, Prezident Şurasının üzvü kimi xarici siyasət məsələlərini kurasiya edib.
1991-ci ildə SSRİ DTK-nın birinci müavini, sonra Mərkəzi Kəşfiyyat Xidmətinin direktoru olub. 1991-ci ildən 1996-cı ilədək Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktor vəzifəsini tutub.



Kəşfiyyatçı fəaliyyətini başa vurduqdan sonra Primakov Rusiya Federasiyasının xarici işlər naziri təyin edilib. 1998-ci ilin sentyabrında rəsmən baş nazir kürsüsünə oturan Primakov bu vəzifədə 1999-cu ilin mayınadək işləyib. Həmçinin deputat kimi də fəaliyyət göstərib.

Primakov 2015-ci il iyunun 26-da dünyasını dəyişib. O, SSRİ-nin sirli məmurlarından hesab olunur. Hətta Bakıda 20 Yanvar faciəsinin əsas təşkilatçılarından biri olduğu deyilir.

Londonda müəmmalı şəkildə ölən rusiyalı oliqarx Boris Berezovski 2009-cu ildə “Azadlıq” radiosuna müsahibəsində Primakovun Qarabağ məsələsində tutduğu mövqe ilə bağlı açıqlama vermişdi. Vaxtilə MDB-nin icraçı katibi işləmiş və Qarabağ danışıqları barədə məlumatlı olan Berezovski demişdi ki, Rusiya danışıqlarda destruktiv rol oynayırdı: “Bu, Primakovun davranışı və Yeltsinə yazdığı məruzələrdən hiss olunurdu. Onların siyasəti münaqişə ocaqlarını yaradıb, tərəfləri istismar etməkdir”.



Primakov 1990-ci ilin yanvarında SSRİ müdafiə naziri Dmitri Yazovla sovet ordusunun Bakıya daxil olmasını təşkil etmiş şəxsdir. O zaman Primakov Kremlin nümayəndəsi kimi Bakıya gəlmişdi.

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun və muzdlu başkəsənlərdən ibarət dəstələr Bakıda dinc əhaliyə divan tutdu. Bu qərarın verilməsində və icra edilməsində məsuliyyəti olan şəxslərin arasında Yevgeni Primakovun adı xüsusi çəkilir. Məhz o, Bakıda vəziyyəti öyrənmək və son qərarı vermək üçün Mixail Qorbaçov tərəfindən Azərbaycana göndərilmişdi.



Primakov Bakı qırğınından sonra keçirilən ilk plenumda çıxışında demişdi: “Biz onlara deyirdik ki, ordu ilə zarafat etmək olmaz. Ordu necə olursa olsun, blokadanı yaracaq”.



Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlar keçirib. Faciə zamanı 137 dinc sakin həyatını itirib, 744 nəfər ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib.





Aytən Zəhra
Azvision.az


Teqlər: SSRİ   Primakov  





Xəbər lenti