Hindistanlı mütəxəssis Bakıda danışıqlar aparıb

Hindistanlı mütəxəssis Bakıda danışıqlar aparıb
  05 Noyabr 2019    Oxunub:1790
Hindistanın Azərbaycanla pambıq yetişdirilməsi sahəsində birgə əməkdaşlığının araşdırılması məqsədilə bu ölkənin pambıq üzrə mütəxəssisi Dr. V.N. Vaqmare Bakıya səfər edib.
Hindistanın Bakıdakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, Naqpurda yerləşən Pambıq Tədqiqatları üzrə Mərkəzi İnstitutun (pambıq tədqiqatları üzrə Hindistanda aparıcı institut) direktoru Dr. Vaqmare 27 oktyabrdan etibarən bir həftəlik Azərbaycanda olub.

Səfər bu ölkənin səfirliyi və Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilib.

Dr. Vaqmare Azərbaycanda pambıq üzrə araşdırmalarla məşğul olan müxtəlif rəsmilər, alimlər və tədqiqat institutları əməkdaşları ilə qarşılıqlı ünsiyyətdə olub. Görüşlər zamanı mütəxəssisə fermerlərin üzləşdiyi çətinliklər, pambıq yetişdirilməsi vəziyyətinə dair məlumat verilib.

Dr. Vaqmare Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunu ziyarət edib. İnstitutun direktoru Zeynal Əkbərov və digər alimlərlə pambıqa dair vəziyyəti müzakirə edib. O, Hindistanda pambıq yetişdirilməsi haqqında təqdimat edərək, Pambıq Tədqiqatları üzrə Mərkəzi İnstitutun hal-hazırda araşdırma apardığı müxtəlif sahələri və onların güclü nöqtələrini nəzərə çatdırıb. Çətinliklər müəyyənləşdirilərək və tədqiqatın bəzi sahələrində əməkdaşlıq qeyd olunaraq, müxtəlif məsələlər müzakirə olunub.

Aqrar Xidmətlər Agentliyinin direktoru Seymur Mövlayev Dr. Vaqmare ilə görüşü zamanı hökümət tərəfindən elan olunan prioritetləri vurğulayaraq, pambıq çeşidinin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğun çeşidlərin müəyyən edilməsi, toxum istehsalı və zərərvericilərə qarşı mübarizə sahələrində hindistanlı alimin tövsiyələri ilə maraqlanıb.

Hindistanlı mütəxəssis, həmçinin Salyan rayonuna səfər edərək burada Regional Aqrar Elm və İnnovasiya mərkəzini və təcrübə sahələrində olub. Mərkəzin direktoru Sədrəddin İbrahimov və alimlərlə müzakirələr aparıb. Görüş zamanı azərbaycanlı rəsmilər fermerlərin gəlir potensialı, toxum istehsalı və paylanma kimi problemləri qeyd ediblər. Mütəxəssis həmçinin, Ucar rayonundakı pambıq emalı müəssisəsi ilə də tanış olub. Gəncə şəhərində yerləşən Aqrar Universitetə səfəri zamanı Dr. Vaqmare fakultə üzvləri və tələbələr qarşısında pambıq becərilməsinə dair təqdimat edib.

Hindistanlı pambıq üzrə mütəxəssisin Azərbaycana səfəri çox uğurlu keçib və hər iki tərəf bu səfəri iki ölkə tərəfindən pambıq becərilməsinin təkmilləşdirilməsi üçün gələcək elmi əməşdaşlığın başlanğıcı olaraq müsbət qiymətləndirib.

Qeyd edək ki, iki ölkənin pambıq yetişdirilməsi sahəsində birgə əməkdaşlığın araşdırılması 2018-ci ilin oktyabr ayında Nyu Delhidə keçirilmiş Hindistan-Azərbaycan Hökümətlərarası Komissiyanın 5-ci iclasında qərara alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan   Pambıq  





Xəbər lenti