Bakıda Türkiyənin Cümhuriyyət Günü qeyd edilib

 Bakıda Türkiyənin Cümhuriyyət Günü qeyd edilib
  30 Oktyabr 2019    Oxunub:3253
Bakıda Türkiyənin Cümhuriyyət Günü münasibətilə rəsmi qəbul keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Günü münasibətilə təbrik məktubunu oxuyub. Səfir ötən müddət ərzində Türkiyənin əldə etdiyi uğurlar, Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarından söz açıb.



Milli Məclisin spikeri Oqtay Əsədov Cümhuriyyət Günü münasibətilə Türkiyə dövlətini və xalqını təbrik edib. Bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri Ulu Öndər Heydər Əliyevin dediyi kimi "bir millət, iki dövlət" ifadəsinə əsaslanır.

Spiker vurğulayıb ki, dövlətlərimiz strateji tərəfdaşdırlar: "Azərbaycan və Türkiyə arasında 240-dan çox sənəd imzalanıb, 27 sənəd baxılma mərhələsindədir. Ötən il ticarət dövriyyəsi 3,4 milyard dollar olub ki, bu ilin 9 ayında göstəricilər 3 milyardı keçib. Türkiyə Azərbaycana 12,4, Azərbaycan isə Türkiyəyə 15 milyardan çox investisiya qoyub".

Münasibətlərin inkişafında parlamentlərin də mühüm rol oynadığını vurğulayan spiker Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib.

O. Əsədov, həmçinin iki ölkə liderinin səyləri nəticəsində münasibətlərimizin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Cümhuriyyət-Günü  





Xəbər lenti