Qayıqda baş verən partlayışla bağlı cinayət işi açıldı - RƏSMİ

Qayıqda baş verən partlayışla bağlı cinayət işi açıldı -    RƏSMİ
  29 Oktyabr 2019    Oxunub:2725
Oktyabrın 29-da saat 13 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin əməkdaşı Habil Məmmədov hadisə yerində vəfat etmiş, şirkətin digər əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilib.

Qeyd olunub ki, hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq müalicə müəssisəsinə yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun “961” nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.

Azvision.az



Teqlər: Baş-Prokurorluq   FHN  





Xəbər lenti