“3-5 ay kurs keçənlər özünü “uzman həkim” adlandırır” - MÜSAHİBƏ (ll HİSSƏ)

 “3-5 ay kurs keçənlər özünü “uzman həkim” adlandırır” -  MÜSAHİBƏ (ll HİSSƏ)
  30 Oktyabr 2019    Oxunub:29070
“Görüntü yaratmaq üçün öz yaxınımı nəyəsə görə qurban verməzdim”
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudovun Azvision.az -a müsahibəsinin ikinci hissəsini təqdim edirik:

Müsahibənin əvvəli ilə BURADAN tanış ola bilərsiniz.

- Son vaxtlar həkimlərin adının qarşısında uzman sözünün yazılması sanki dəb halını alıb. İnsanlar buna inanaraq daha çox onlara müraciət edirlər. Bununla bağlı fikirlərinizi bilmək istərdik. Həkim seçimi edərkən xəstələr nəyə diqqət etməlidir?

-Həkimlik uzun illər təhsil istəyən, təhsilə uyğun şəkildə təcrübə istəyən, doğru əllərdə aldığı sənəti düzgün tətbiq edə biləcək gücü, mənəvi dəyərlərin yüksək qorunmasını tələb edən bir sahədir. Həkimlik sənətinin tətbiq olunduğu zaman bizə sağlamlığını əmanət eləmiş insana qarşı, bütün tibbi bilgilərimizlə birlikdə hər bir xəstədə itirməməyimiz lazım olan önəmli məqam var, o da empatiya duyğusudur. Bir dəqiqəlikdə olsa belə, özünü o insanın ən yaxını kimi hiss etməlisən. Bu duyğunu istifadə etdiyin zaman xəstəyə həm tibbi, həm də psixoloji olaraq daha böyük fayda vermək ehtimalın olur. Bunu tətbiq edə biləcək və eləməkdə olan həkimlər uğur qazanacaqlar.



"Qanunlara görə uzman titulu istifadə oluna bilməz"

Uzman sözünün son illərdə dəb halına gəlməsinin səbəbi odur ki, 90-cı illərdə qonşu Türkiyəyə və Avropaya üz tutanlar geriyə qayıtdıqdan və onların fərqi ortaya qoyulduqdan sonra Azərbaycan səhiyyəsində, xüsusilə yüksək texnologiyalı sahələrdə inkişaf dönəmi yaşadılar. Həmin uzman kəlməsinin, yaxud türkcə sözlərdən istifadənin dəbi olduğuna görə, şərait də buna imkan verəndən sonra uyğun olan-olmayan insanlar da bu kəlmədən istifadə etməyə başladılar. Qanunlara görə belə “titul” istifadə oluna bilməz. Şəxsən mən özüm Türkiyədə uzman olub geri qayıtmış və daha sonra elmi dərəcələr almış insanam, amma heç vaxt uzman kəlməsini istifadə etmədim. Çünki Azərbaycan qanunlarına görə, elə bir ixtisas yoxdur. Səhiyyə Nazirliyinin buna müdaxilə etmək haqqı var ki, hansı kriteriya ilə bunu istifadə edirsən? Bu, qanunlara uyğun deyil. Real uzman olanlar, Türkiyədə tibb universitetini bitirib, ardınca yüksək ixtisaslaşmış, Avropada tibb təhsilini almış insanların adları qarşısında bu yazılar olmur. Bunu daha çox, bəlkə də 3-5 ay hansısa kurslardan keçmiş insanlar istifadə edirlər.

Həmin şəxslərlə bağlı hansısa narazıçılıq olursa, bütün həkimlik üçün mənfi haldır. Uzman kəlməsinin hansısa səbəblərdən ötrü ölkəmizdə dəyərinin itirilməsi, hamı kimi bu sənətin içində olub və özünü bu sənətə vermiş hər bir insana mənfi emosiya verir. Bu abu-havanın son illərdə itirilməsinə görə çox məyusam. Həkimin yeri, forması, dini, milləti olmaz. Həkimlik bir sənətdir, bu sənəti qazana biləcəyin, bu sənəti doğru şəkildə istifadə edə biləcəyin, insanların fayda görəcəyi bir işdə həyatını qurmaq ilahi bir vergidir. Bunu hər bir həkimin özü hiss etməli və eləcə də ətrafa hiss etdirməlidir. Əgər bu gün həkim-xəstə münasibətində bir problem varsa, bunun böyük hissəsinin günahını özümüzdə görürəm.

-Parlamentdə çıxışlarınız zamanı təcili tibbi yardım əməkdaşlarının fiziki təzyiqə məruz qalması ilə bağlı məsələ qaldırmışdınız. Bu kimi hallarla bağlı hansı işlər görülməlidir?

-Təcili tibbi yardım göstərən insanların təhlükəsizliyini təmin etmək üçün ən asan yollardan biri təcili tibbi yardım personalına iş başında polisdə olduğu toxunulmazlıq haqqının verilməsini təklif edirəm. Bir sıra qonşu ölkələrdə də belədir. Hansısa regionda gecə saat 3 radələrində kənd evinə təcili yardım çağırılır. Həkimin üzərində silahı yoxdur, qadındır və orada çətin vəziyyətdə illərlə qazandığı bilgiləri istifadə edir. Bəzən tibbi heyət fiziki təzyiqlərə məruz qalır. Əgər həmin insanlar özlərini təhlükəsiz şəraitdə hiss etmirlərsə, bu gələcəkdə çox böyük fəsadlar verə bilər. O zaman heç kim gedib rayonda işləmək istəməz. Həmçinin heç kim həkim olmaq istəməz. Bunun qarşısını mütləq almalıyıq.



- Xəstəxanalarda baş verən ölüm halları bəzən ciddi müzakirələrə səbəb olur. Buna görə həkimlər ittiham edilir. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Bir dəfə həmkarlarımdan biri mənə yazı göndərdi. Almaniyadan Türkiyəyə gəlmiş xəstənin həyatı ilə bağlı idi və əməliyyatdan sonra xəstə həyatını itirir. Məqaləni oxudum, bu yazıda həmin şəxsin fikrinin nə olduğunu başa düşmədim. Sonra zəng edib, fikirlərini soruşdum. Məhkəmə qərarı olmadığı üçün ailənin şikayətindən yazılıb və şəhər qeyd olunub. Nə xəstəxananın, nə də həkimin adı yazılıb. Həkimin və xəstəxanaların mediaya verdiyi cavablardan istifadə olunub. Həmin məqalədə məhkəmə qərarı olmadığı üçün həkimə, tibb personalına və tibb müəssisəsinin adına xələl gətirə biləcək sübuta yetirilməmiş bir kəlmə yazılmayıb.

Əgər həkim hər bir ölüm və ya fəsad problemində televiziyalara, mətbuata çıxıb məhkəmə qərarı olmadan ailələrin və digər insanların dediyi fikirlərlə üz-üzə, ictimai qınağa məruz qalacaqsa, o zaman həmin həkim bir yerdən sonra qətiyyən riskli, həqiqi problemi olub, ona ehtiyacı olan insanlara müdaxilə etməli deyil. Ancaq riski olmayan insanlarla işləməlidir. Bu çox vacib məqamdır və bu mövzu ölkədə müzakirə olunmalıdır. Haqlı olub-olmadan, məhkəmə qərarı, hər hansı ekspertlərin, məsuliyyət daşıyan ictimai birliklərin qərarı olmadan bir xəstəxana, həkim haqqında söz deməyin çox böyük mənfi təsirləri var.

Əmin olun ki, Azərbaycan səhiyyəsində həkim və xəstə məmuniyyətsizliyinin, qarşılıqlı inamsızlığın təməlində duran vacib amillərdən biri budur. Unutmayaq ki, belə amillər gələcəkdə sağlamlığımızı təhvil verəcəyimiz, yəni Azərbaycanda gələcəkdə həkimlik fəaliyyəti göstərə biləcək cavanların bu sahəyə gəlməsinə əngəl yarada bilər. Heç vaxt Almaniyada bir həkim məhkəməyə düşüb, məhkəmə qərarı çıxmayana və həbsə atılmayana qədər onun adı hər hansı hadisədə ailənin sözünə görə dilə gətirilməz. Son illər İngiltərədə bir həkim haqqında yazılır. Belə ki, onun verdiyi qərarla milyonlarla insan peyvənddən uzaqlaşdı. Bundan sonra peyvəndin olmamasına görə insan ölümləri baş verdi. Ekspertlər şurası nəznində onun diplomu alındı və həbsə göndərildi. Bundan sonra onun haqqında ictimaiyyətə məlumat verildi. Hansısa rayonda əməliyyat zamanı hadisə olur. Hadisədən 10 dəqiqə sonra həkimin keçmişi, gələcəyi barədə məlumatlar hamısı mediada olur. Tibbi bu şəkildə qiymətləndirmək çox faciəli nəticələrə gətirib çıxarır. Bu tendensiyanın çox böyük fəsadlara səbəb olduğuna inanıram.



- Maraqlıdır, siz səhhətinizdə hər hansı problem olanda, yerli həkimlərə müraciət edirsinizmi, yoxsa xarici ölkələrə gedirsiniz?

-Mən uzun illər xaricdə fəaliyyət göstərmişəm və 2005-ci ildə Azərbaycana gəlmişəm. Doğrudur, mənim özümdə, eləcədə ailəmin səhətində də problemlər olur. Bu günə bu problemlərlə bağlı tibbi proseduraların 99 faizini ölkəmizdə etmişəm.

Tam səmimiyyətimlə deyə bilərəm ki, anamda olan əməliyyatlar, qohumlarımda, ailəmin birinci dərəcəli üzvlərində olan bütün cərrahi əməliyyatlar, müayinələr və müalicələrə görə heç vaxt xaricə üz tutmamışam. Ən azından həkim kimi dünya standartlarını bildiyimə görə, ölkəmizdə müqayisə apararaq nə qədər dəyərli həkimlərin olduğunu və nə qədər vicdanlı iş görən insanların olduğuna inandığım üçün bunu etmişəm. Görüntü yaratmaq üçün öz yaxınımı nəyəsə görə qurban verməzdim. Səhiyyə elə bir şeydir ki, candan söhbət gedirsə, orada siyasət olmaz. Anamın ürəyindəki problem, qardaşımın, bibimin, yaxınımın sağlamlıqla bağlı bütün problemləri burada həll olunub. Minlərlə nümunə saya bilərəm.

Səbəb odur ki, ölkəmizin səhiyyəsinə inanıram. Bu, qətiyyən o mənaya gəlməsin ki, insanların inamsızlığının mənasız olduğunu deyirəm. Bütün tibbi problemlərimi bu günə qədər ölkəmizdə həll etmişəm. Ən mürəkkəb əməliyyatlar burada olub. Qaraciyər, böyrək, onkoloji xəstəliklərlə bağlı heç vaxt xaricə üz tutmamışıq. Hətta yaxınlarımdan açıq-ürək əməliyyatına girməli olduğum əməliyyat olub.

"Bu günə qədər 10 minə yaxın açıq-ürək əməliyyatı etmişəm"

- Qeyd etdiyiniz kimi, siz 2005-ci ildən ölkəmizdə fəaliyyətinizi davam etdirirsiniz. İndiyədək nə qədər açıq-ürək əməliyyatı həyata keçirmisiniz? Bununla bağlı statistika varmı?

-Bu işdə tək həkim kimi deyil, həm də müəllim kimi fəaliyyət göstərirəm. Tibb universitetində təhsil verməsəm belə, olduğumuz mərkəzlərdə təhsil sistemi davam etdiyi üçün yüzlərlə ixtisasçının hazırlanmasında faydam olub. Bu işlərlə birlikdə bu günə qədər 10 minə yaxın açıq-ürək əməliyyatı etmişəm. Bunların 20 faizi anadangəlmə ürək qüsurlarından əziyyət çəkən uşaqlardır. Onların arasında bir günlük yeni doğulmuş uşaqlardan tutmuş, 95 yaşlı böyük xəstələrə qədər var.

Hazırda reanimasiya otağına girsək, yeni doğulmuş uşaqlardan əməliyyat olunanlar da var. Onlar yaşama imkanı olmayan uşaqlardır ki, təcili əməliyyata alınır. Mürəkkəb işlə məşğulsansa, bu işin riskləri, təhlükələri var və bu işdə udmaq da var, uduzmaq da. Bütün dünya tibbində belədir. Tibb sənətinin tətbiqində ölüm vazgeçilməz həqiqətdir. Yeni doğulmuş uşaqlarda olan xəstəliklərdə əməliyyatın riski 50 faizdir. Bu, Avropada da belədir. 10 xəstədən 5-i həyatını itirsə də, əməliyyat olunmalıdır. Geridə qalan 5 nəfəri yaşatmaq üçün 10 nəfər əməliyyat olunmalıdır. Əməliyyat olunmadığı zaman heç şansı yoxdur. 50 faizlik risklə qəbul olunan əməliyyatdır. Bu gün ürək-damar xəstəlikləri mərkəzlərinin nəticələri istənilən dünya ölkələri ilə yan-yana qoyula biləcək səviyyədədir. Amma ölüm vəziyyətində gələn insan təcili əməliyyta girəndə orada birdən xəstəni yaşatmarıq dərdi çəkilmir, görəsən, xəstəni yaşada bilərikmi düşünülür. Tamam fərqli bir hissdir. Bu nöqteyi-nəzərdən əməliyyatlarımız statistik olaraq dünyada qəbul olunmuş səviyyədədir.

"Azərbaycanda kifayət qədər yaxşı həkimlərimiz var"



- Siz həm də uzun müddət xaricdə işləmisiniz. Hazırda sizə xarici ölkələrdən iş təklifləri olurmu?

-Getmək barədə fikirləşmirəm. Buna görə dövlətimə təşəkkür edirəm. 2005-ci ildə gəldikdən sonra ölkədə səhiyyənin inkişaf gedişatı içərisində bu haqda düşünməyə şansımız olmayıb. Əlbəttdə, tibb təhsilini xaricdə aldığım üçün, əlimdəki təhsil imkanları tək Azərbaycanda deyil, dünyanın hər bir yerində işləməyə imkan verir. Bu gün Azərbaycanda kifayət qədər yaxşı həkimlərimiz var. Arzum odur ki, Azərbaycanda özünə inanan, xalqın inandığı, həkim kimi sənətini ortaya qoymuş insanlar sənətinə görə ölkəmizdən başqa heç bir yerə getməsinlər. Xalqımıza xidmət etməkdən şərəf duysunlar, bu ölkənin vətəndaşı və həkimi olduqları üçün fəxr etsinlər.







Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: RəşadMahmudov   Deputat   Həkim  





Xəbər lenti