“Son sözü Azərbaycan Ordusu deyəcək” - Polkovnikdən Tonoyana xəbərdarlıq

 “Son sözü Azərbaycan Ordusu deyəcək” -  Polkovnikdən Tonoyana xəbərdarlıq
  29 Oktyabr 2019    Oxunub:7162
“Dağlıq Qarabağ məsələsi həll olunmayıb. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq”.

Bunu Azvision.az -a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistanın Müdafiə naziri David Tonoyanın son bəyanatına cavabında deyib.
Ş.Ramaldanov bildirib ki, torpaqlarımızın qaytarılmasına nə Azərbaycan cəmiyyətinin, nə Azərbaycan dövlətinin, nə də Azərbaycan əsgərinin şübhəsi var:

“Müdafiə naziri kimi Tonoyan başqa nə deməli idi? O, Paşinyana zidd fikir söyləyə bilməz. Əsas məsələ odur ki, başlarında dayanan Paşinyan siyasi savadsızlıq göstərərək populizmə qapılır. İndiyədək heç bir Ermənistan rəhbəri onun kimi beynəlxalq hüquq normalarına zidd bəyanat verməyib. Prinsipcə bu iki şəxsin açıqlamaları eyni komandanın eyni ifadələridir. Ancaq ataların belə bir sözü var: “halva-halva deməklə, ağız şirin olmur”. Onlar nə deyir, desin. Azərbaycanın gücü həlledici olacaq”.

Polkovnikin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın nöqtəsinin qarşısına nida qoyaraq onu neytrallaşdırıb.

"Beynəlxalq normalar çərçivəsində Dağlıq Qarabağı heç kim tanıya bilmir. Çünki separatçı qurumdur. Əgər Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyırsa, separatçı rejimin qanuni qəbul edilməsi mümkünsüzdür. İndi beynəlxalq qurumlar Paşinyanın fikirlərindən sonra əl-ayağa düşüblər. Bundan sonra ATƏT-in Minsk qrupunun danışıqlar prosesini davam etdirməsinə heç bir perspektiv qalmır. İndi də nə isə etməyə çalışırlar. Amma Azərbaycan Prezidenti birmənalı şəkildə vurğulayıb ki, danışıqlar xatirinə danışıqlar aparılmır. Danışıqlar nəticə üçün olmalıdır” - Ehtiyatda olan polkovnik vurğulayıb.

Ş.Ramaldanov, həmçinin qeyd edib ki, Azərbaycan bu il hərbi büdcəsini 20 faiz artırıb: “Bu, onu göstərir ki, Azərbaycan hər an antiterror əməliyyatı aparmağa hazırdır. Ermənistanın qeyri-konstruktiv mövqeyindən və Paşinyanın fikirlərindən sonra Azərbaycanın ixtiyarı var ki, güc yolu ilə torpaqlarını işğalçıdan azad etsin, ərazi bütövlüyünü təmin etsin. Çünki Paşinyan savadsız bəyanatları ilə bizə bu imkanı yaradır. Tonoyan və Paşinyanın nə deməsindən asılı olmayaraq və danışıqlar iflic vəziyyətində qalsa, son sözü Azərbaycan Ordusu deyəcək. Buna Azərbaycan cəmiyyətinin şübhəsi olmasın”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Ramaldanov   Qarabağ  





Xəbər lenti