Müdafiə nazirləri Bakıda nələri müzakirə edəcəklər? - DETALLAR

Müdafiə nazirləri Bakıda nələri müzakirə edəcəklər? -  DETALLAR
  29 Oktyabr 2019    Oxunub:2966
Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə "Moscow-Baku" portalı MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Məlumata görə, Şura MDB dövlətlərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə sistemin hazırlanmasını, hərbi əməkdaşlıq konsepsiyasının layihələrini nəzərdən keçirəcək.

İclasda “Beynəlxalq Ordu Oyunları – 2019”un nəticələri də müzakirə olunacaq, Birlik ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, beynəlxalq innovativ elmi ideyalar festivalının keçirilməsi, həmçinin İkinci Dünya müharibəsindəki Qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri diqqətdə olacaq.

Bundan əlavə, MDB ölkələrinin ortaq hava hücumundan müdafiə sisteminin 2020-ci ildə həyata keçirəcəyi birgə fəaliyyət nəzərdən keçiriləcək.

Həmçinin, Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələri müzakirə ediləcək və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq.

İclasda bir sıra maliyyə, kadr və təşkilati məsələlərə də baxılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MDB   Müdafiə-Nazirləri   İclas  





Xəbər lenti