Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü başa çatıb

  26 Oktyabr 2019    Oxunub : 1108
Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü başa çatıb
Oktyabrın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işini başa çatdırıb.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, Zirvə Görüşünün ikinci iş günü ümumi debatlarla davam edib.

Ümumi debatlarda Qoşulmama Hərəkatına üzv ölkələrin yüksək vəzifəli rəsmi şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, xüsusi qonaqlar, diplomatlar çıxış etdilər.

Çıxış edən natiqlər dünyada baş verən böhranlardan, regional münaqişələrdən və onların həlli yollarından, işğalların, yoxsulluğun, dini və irqi ayrı-seçkiliyin aradan qaldırılması üçün görülməsi zəruri olan tədbirlərdən, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin qorunmasının əhəmiyyətindən, iqlim dəyişikliklərinə qarşı mübarizədən danışıblar. Onlar bu problemlərin həllinin tapılması üçün çoxtərəflilik prinsiplərinin bərqərar olmasının, daha tarazlı yanaşmanın tətbiqinin vacibliyini bildiriblər. Həmçinin qeyd olunub ki, üzv dövlətlərin qarşılıqlı fəaliyyətləri nəticəsində Qoşulmama Hərəkatı çərçivəsində bir sıra nailiyyətlər əldə edilib. Lakin təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsi və onun BMT-nin kağız üzərində qalan qərarlarının həyata keçirilməsinə təsir göstərmək iqtidarında olması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi üçün hələ bir sıra işlər görülməlidir. Bildirilib ki, Qoşulmama Hərəkatına üzv dövlətlər dayanıqlı inkişafın təmin olunması üçün göstərilən səyləri təşviq etməlidir və qarşıya çıxan çağırışlarla birgə mübarizə aparmalıdırlar.

Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, Azərbaycan Hökumətinə və xalqına minnətdarlıqlarını bildirən natiqlər əmin olduqlarını vurğuladılar ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyi növbəti üç il ərzində təşkilat Bandunq prinsiplərinə sadiq qalaraq daha böyük uğurlara imza atacaq.

Məhsuldar müzakirələrə görə Zirvə Görüşünün iştirakçılarına təşəkkürünü bildirən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün dörd yekun sənədinin təsdiq edilərək dövlət və hökumət başçılarına təqdim olunduğunu bildirdi.

Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini bildirən E.Məmmədyarov ölkəmizə göstərilən etimada görə üzv dövlətlərə minnətdarlığını bildirdi. Nazir qeyd etdi ki, qəbul edilən sənədlər üzv dövlətlərin Bandunq prinsiplərinə sadiqliklərini bir daha nümayiş etdirir.

Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrə toxunan nazir bildirdi ki, təşkilata sədrliyi dövründə Azərbaycan dialoqun və əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcək.

Sonra Bakı Yekun Sənədi, Bakı Bəyannaməsi, Fələstinə dair Bəyannamə və Azərbaycan Respublikası hökumətinə və xalqına təşəkkür və həmrəylik sənədi qəbul olundu.

Beləliklə, 120 üzvü tamhüquqlu olan, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü uğurla başa çatdı.

Azvision.az

Teqlər: QoşulmamaHərəkatı   Zirvə-Görüşü