BƏƏ-nin XİN rəhbəri Prezidentin qəbulunda

  23 Oktyabr 2019    Oxunub : 660
BƏƏ-nin XİN rəhbəri Prezidentin qəbulunda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azvision.az xəbər verir ki, qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın Prezident İlham Əliyevə dərin hörmət və ehtiram bəslədiyini qeyd edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf yolu ilə getdiyini deyən qonaq bütün bunlara dövlətimizin başçısının yüksək idarəçilik qabiliyyəti və yorulmaz fəaliyyəti nəticəsində nail olunduğunu diqqətə çatdırıb. O, 120 min nəfər BƏƏ vətəndaşının ölkəmizə turizm məqsədilə səfər etdiyini vurğulayaraq, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üçün mühüm turizm məkanlarından birinə çevrildiyini bildirib.

Dövlətimizin başçısı Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dost və tərəfdaş dövlətlər olduğunu qeyd edib. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin ölkənin inkişafı istiqamətində böyük baxışa malik olduğunu, şəhər quruculuğu, infrastruktur və digər meyarlar baxımından BƏƏ-nin nümunəvi inkişafa nail olduğunu deyib.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş edib.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   BƏƏ