“Bütün qoşun növlərində minlərlə qadın xidmət edir” - Şöbə müdiri

  23 Oktyabr 2019    Oxunub : 2160
 “Bütün qoşun növlərində minlərlə qadın xidmət edir” - Şöbə müdiri
"Azərbaycan Ordusunun şəxsi heyəti yüksək mənəvi-psixoloji hazırlığa malikdir"

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova "Azərbaycan Ordusu" qəzetinə müsahibə verib.
Azvision.az həmin müsahibəni təqdim edir:

- Zümrüd xanım, ilk olaraq Azərbaycan qadınının cəmiyyətdəki rolu haqqında fikirlərinizi öyrənmək istərdik.

- Tarix boyu Azərbaycan qadını dünyanın diqqətini müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq duyğuları ilə çəkib. Azərbaycan qadını həm də dövlət sərhədlərimizdə at belində qılınc çalıb, dövlət idarəçiliyində sözünü deyib. Qızıl Arslanın həyat yoldaşı Qətibə xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, Şirvanşah Xəlilullanın xanımı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, Tuti Bikə və başqaları Azərbaycan qadınının cəmiyyətdə rolunun nədən ibarət olduğunun dəqiq təsdiqidir. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Bu sənəd Azərbaycanı Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə kimi tanıtdı. Müqayisə üçün qeyd etmək istərdim ki, qadınlar ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü ildə, İsveçrədə 1971-ci ildə səsvermə hüququ qazanıblar.

- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qadınların cəmiyyətdə rolu milli dövlətçilik baxımından daha da yüksəldi, fəaliyyətləri genişləndirildi...

- Doğrudur. Ümummilli liderimiz Heydər Əliyevin qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətinin səmərəli şəkildə həyata keçirilməsinin nəticəsidir ki, onlar dövlət quruculuğunda, elmdə, mədəniyyətdə, təhsildə, səhiyyədə, idmanda daha geniş təmsil olunmağa başladılar. Ulu Öndərin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradıldı.

Bu gün Azərbaycan qadını həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputat, Birinci vitse-prezidentdir. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən uğurlu gender siyasətinin mahiyyətindən irəli gəlir. Ulu Öndərin Azərbaycan qadını ilə bağlı fikirlərini xatırlayıram: "Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar".

Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın adət-ənənələrinə hörməti, həm də dövlətimizin siyasəti sayəsində yüksək qiymətləndirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qadınların cəmiyyətdəki rolu və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşırlar.

- Son illərdə ordu quruculuğunda həyata keçirilən irimiqyaslı islahatların nəticəsidir ki, orduda qadın hərbi qulluqçular da xidmət edir.

- Müasir dövrdə ordu quruculuğunda, ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyümüzün bərpa edilməsində zəngin mənəvi-intellektual səviyyəsi ilə fərqlənən Azərbaycan qadını da yaxından iştirak edir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən minlərlə qadın Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirir. Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarımız Vətənin müdafiəsində də fədakarlıq, şücaət göstəriblər. Vətən uğrunda neçə-neçə qadın şəhid olub. Onlardan 2 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Mülki işlərdə çalışan qadınların da əməyi yüksək qiymətləndirilir. Azərbaycan qadını gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında da əsl vətəndaş kimi çalışır.

- Rəhbərlik etdiyiniz şöbənin fəaliyyəti haqqında bir qədər ətraflı məlumat verməyinizi xahiş edirəm.

- Qadınlar və hərbi qulluqçuların ailə üzvləri ilə iş üzrə şöbə Müdafiə nazirinin əmri ilə yeni yaradılıb. Şöbəmizin fəaliyyət dairəsinə Müdafiə Nazirliyinin Aparatı, qoşun növləri, qarnizon, birlik, birləşmə və hissələr, xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hissə və bölmələr, müəssisə və təşkilatlar daxildir. Şöbəmiz hərbi qulluqçuların və onların ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili, ailə-məişət problemlərinin öyrənilməsi və yaranan çətinliklərin vaxtında həlli, xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş və sağlamlığını itirmiş hərbi qulluqçuların ailə üzvlərinə qayğı, gənc və çoxuşaqlı hərbi qulluqçu ailələrinə dəstək və digər məsələlərdə komandanlığa və rəhbərliyə köməklik göstərir. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən belə vacib qurumun yaradılması qadınlar və hərbi qulluqçuların ailə üzvləri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.

- Ordu-cəmiyyət münasibətlərini tənzimləmək baxımından şöbənizin üzərinə böyük məsuliyyət düşür.

- Azərbaycan Ordusunun şəxsi heyəti yüksək mənəvi-psixoloji hazırlığa malikdir. Bu həm də hər bir hərbi qulluqçunun milli mentalitetimizə bələd olmasının, onu yaşatmaq niyyətinin nəticəsidir. Azərbaycan cəmiyyətində insanların bir-birinə qarşılıqlı hörmətlə yanaşması önəmli faktordur. Bu, iş prosesində də, ailədə də öz əksini tapır. Yəni, Azərbaycan Ordusunda bu və ya digər təşkilatın, o cümlədən bizim təşkilatın müdaxiləsinə zərurət yaradan böyük problemlər mövcud deyil. Bəzi xırda çətinliklərin aradan qaldırılması ilə bağlı biz hüquqi müstəvidə, qanunvericilik əsasında fəaliyyət göstəririk. Mövcud çətinliyin problem səviyyəsinə çatmasının qarşısını alırıq. Bu baxımdan şöbənin işini ordu-cəmiyyət münasibətlərində yeni bir mərhələ kimi dəyərləndirmək olar.

- Bu müddət ərzində hansı işlər görmüsünüz?

- Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində görüşlər keçiririk. Davamlı olaraq ön xətdə oluruq. Daha çox müayinə və müalicə, sosial və məişət problemləri ilə bağlı müraciətlər olur. Bu günlərdə ön xətdə xidmət edən hərbi qulluqçunun övladının səhhətində yaranan problemlə bağlı müraciət olmuşdu. Müdafiə Nazirliyi rəhbərliyinin diqqəti və köməkliyi ilə körpə müalicə üçün dərhal Türkiyəyə göndərildi. Müalicə müddətində baş məsləhətçimiz Sairə Rəsulova körpəyə baş çəkərək ailəsinə mənəvi dəstək oldu. Ankarada yerləşən bizim hərbi attaşelik aparatının nümayəndələri də daim ailənin yanında oldular. Fəaliyyətə başladığımız ilk günlərdə Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında şəhid övladlarının müayinə və müalicəsi aksiyasını həyata keçirdik. Füzuli rayonunda olarkən Aprel döyüşlərində şəhid olan mayor Elnur Əliyevin yaxınları ilə görüşdük, ailənin qayğıları ilə maraqlandıq. Naxçıvana da çox maraqlı səfərimiz oldu. Orada Əlahiddə Ümumqoşun Orduda xidmət edən qadınlar, hərbi qulluqçuların həyat yoldaşları ilə görüşlər keçirdik.

"Uşaqlar xəyalların, arzuların ümid tumurcuğu, ailə qapısının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyaya yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir", - deyib müdriklərimiz. Ailədə uşağın xoşbəxt böyüməsi, onun gələcək üçün layiqli, dəyərli vətəndaş kimi yetişməsi üçün Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib. Uşaqların sağlamlığının qorunması, onların qayğısız, milli ruhda böyüməsi üçün məsuliyyət ilk olaraq valideynlərin üzərinə düşür. Bu baxımdan ananın rolu əvəzedilməzdir. Şöbəmiz məhz bu və bu kimi amilləri əsas götürür və götürəcəkdir. Azərbaycan Ordusunun müxtəlif hissə və təşkilatlarında, eləcə də cəbhə bölgəsində yerləşən bölmələrdə fəaliyyət göstərən Qadın Şuralarının işinə nəzarət edirik. Ailədaxili problemlər olduqda bölgəyə ezam olunuruq. İlk olaraq ailə başçıları ilə görüşüb söhbətlər aparılır, ailənin problemləri nəzarətə götürülür və həlli istiqamətində addımlar atılır. Qadın ailənin özəyidir. Milli-mənəvi dəyərlərimizin formalaşmasında və inkişafında qadınların da rolu böyükdür. Birinci vitse-prezident Mehriban xanım Əliyeva qadının ailədə, eləcə də cəmiyyətdə rolu haqqında deyir: "Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq, analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm". Bu yanaşma Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailə amilinin nə qədər önəmli olduğunu diqqətə çatdırır.
Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir.

- Hansı dövlət təşkilatları ilə birgə işləyirsiniz?

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bilavasitə əməkdaşlıq edirik. Komitənin sədri Hicran Hüseynova bizə zəruri olan ədəbiyyatla təmin olunmağımıza kömək edir, fəaliyyətimizlə bağlı müəyyən tövsiyələrini əsirgəmir. Komitədə keçirilən iclaslarda fəal iştirak edirik. Bildirim ki, "Azərbaycan Respublikasında Gender bərabərliyi üzrə 2019-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın layihəsi sənədi də diqqət mərkəzimizdədir. Müdafiə Nazirliyinin əməkdaşları olaraq, eyni zamanda, fəaliyyətimiz çərçivəsində beynəlxalq qurumlarla da əməkdaşlıq etmək niyyətindəyik. Biz BMT Təhlükəsizlik Şurasının Qadınların hüquq və imkanlarının genişləndirilməsi Qətnaməsinin tələblərini əsas prioritet hesab edirik. Silahlı münaqişələrin qadınlara qeyri-mütənasib və müstəsna təsiri məsələləri ilk dəfə olaraq məhz bu Qətnamədə öz əksini tapıb.

- Yuxarıda qeyd etdiklərinizin nəticəsidir ki, Azərbaycan qadını cəmiyyətdə öz layiqli yerini tutub...

- Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialından səmərəli bəhrələnmək üçün əlverişli zəmin yaradır.

Azərbaycan qadınının ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur.

Azvision.az

Teqlər: Ordu   Müsahibə   ZümrüdSəmədova