“Prioritetlərdən biri gənclərin səlahiyyətlərinin artırılmasıdır” - Nazir

 “Prioritetlərdən biri gənclərin səlahiyyətlərinin artırılmasıdır” -  Nazir
  23 Oktyabr 2019    Oxunub:1833
Birləşmiş Millətlər Təşkilatından (BMT) sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq Qoşulmama Hərəkatı siyasi məsləhətləşmələr və praktiki əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edir.
Azvision.az xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində nazirlərin hazırlıq görüşündə çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, Bakı Zirvə görüşü ilə Azərbaycan Venesueladan Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürəcək: “Fürsətdən istifadə edərək, Venesuela Bolivar Respublikasını Hərəkata son üç ildə uğurlu rəhbərliyinə görə təbrik edirəm və Venesuela hökumətinin Hərəkatımızın prinsip və ideallarını tanıtdırmaqdakı dəyərli səylərinə görə dərin təşəkkürümü bildirirəm.

Tarix boyu Qoşulmama Hərəkatı beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayıb. Soyuq müharibənin sonu Hərəkatımızın beynəlxalq münasibətlər sistemindəki rolunu azaltmayıb, əksinə artan çağırışlar fonunda əhəmiyyətini artırıb.

Bu gün qarşımızda duran əsas vəzifə, yarandığı dövrdə olduğu kimi hələ də aktuallığını saxlayan Hərəkatın təməl prinsiplərini təbliğ etmək və dəstəkləməklə mövcud geosiyasi mənzərədəki yeni reallıqlara adekvat olması məqsədilə rolunu aktivləşdirməkdən ibarət olmalıdır”.

E.Məmmədyarov əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatının sonuncu iştirakçısıdır, ölkəmiz 2011-ci ilin may ayında Hərəkatın tamhüquqlu üzvü olub:

“Cəmi 8 ildə Qoşulmama Hərəkatının tam etimadını qazanaraq ona sədrlik etmək imkanını əldə etdik. Fürsətdən istifadə edərək, Qoşulmama Hərəkatının üzv dövlətlərinin hamısına bu böyük şərəfə görə təşəkkür edirəm və Hərəkatın təməl prinsiplərinə ciddi riayət etdiyimizi bir daha təkrar edirəm. Azərbaycan müstəqil xarici siyasət yürüdür və heç bir hərbi ittifaqın üzvü deyil. Eyni zamanda, biz sürətlə inkişaf edən ölkəyik, davamlı inkişafa, “demokratikləşməyə, insan hüquqlarına və sosial ədalətə hörməti artırmağa xüsusi əhəmiyyət veririk.

Sədrliyimiz dövründə ən çox diqqət edəcəyimiz prioritet sahələrdən biri də gənclərin səlahiyyətlərinin artırılmasıdır. Uğurlu gənclər siyasəti cəmiyyətin davamlı inkişafının təmin olunmasında mühüm rol oynayır. Qoşulmama Hərəkatının Zirvə toplantısı və nazirlər görüşü nəticəsində qəbul ediləcək sənədlər gənclərin dövlət idarəçiliyində iştirakının artırılması, onların sosial, təhsil və məşğulluq problemlərinin həlli, habelə 2030 Davamlı İnkişaf Gündəliyinin hədəflərinə çatmaqda gənclərin daha fəal iştirakı kimi gənclər siyasətlərinin müxtəlif aspektlərinə toxundu.

Bu sənədlərdə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün əməli tədbir olaraq, Azərbaycan ilk dəfə Qoşulmama Hərəkatının Gənclər Sammitinin Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış edib. Sabah bizim görüşümüzə paralel olaraq keçiriləcək Gənclər Zirvəsi Qoşulmama Hərəkatına üzv dövlətlərdən 40 görkəmli gənci bir araya gətirəcək. İki gün davam edən müzakirələrin nəticəsi olaraq, onlar Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə tövsiyələr verəcəklər. Əminik ki, Gənclər Zirvəsi nəticəsində qurulacaq, qeyri-hökumət təşəbbüsü olan Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi Qoşulmama Hərəkatının bütün fəaliyyətinə gənclərin dəyərli dəstəyini verəcəkdir.

Qoşulmama Hərəkatına üzv dövlətlərinin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat daxilində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi son dərəcə vacibdir. Bundan əlavə, enerji təhlükəsizliyi, ətraf mühit, səhiyyə, əmək kimi sahələrdə əməkdaşlığın təşviqi və bu məqsədlə Qoşulmama Hərəkatına üzv dövlətlərin maraqlarının BMT çərçivəsində təşviqi böyük əhəmiyyət kəsb edir”.

Nazir deyib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional iqtisadi layihələrdə və təşəbbüslərdə fəal iştirak edir və hazırda Cənub-Qərb nəqliyyat dəhlizi layihəsi üzərində işləyir. Bir çox Qoşulmama Hərəkatına üzv dövlətinin bu üç dəhliz boyunca coğrafi yerləşməsi Hərəkat üzvləri arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına kömək edə bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti