“Artıq gənclərin qarşısı açılmalıdır” - YAP-da islahat anonsu

“Artıq gənclərin qarşısı açılmalıdır” -  YAP-da islahat anonsu
  23 Oktyabr 2019    Oxunub:3687
“Gənclər Yeni Azərbaycan Partiyasının sıravi üzvü olmaq istəmirlər”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 21-də Əli Həsənovu Baş Nazirin müavini vəzifəsindən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edərkən partiya işində fəallığa daha böyük ehtiyac olduğunu bildirib.
Ölkə başçısı deyib: “Hesab edirəm ki, partiya işində fəallığa daha böyük ehtiyac var. Mənim göstərişimlə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə addımlar atılmalıdır”.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azvision.az -a açıqlamasında deyib ki, bütün sahələrdə çevik və operativ mexanizmlər qurulmalıdır. O cümlədən, gəncləşmə siyasəti hakim partiyadan da yan keçməməlidir.

“İlham Əliyev 2003-cü ildə ilk dəfə Azərbacan Respublikasına prezident seçiləndə, seçki platformasında və andiçmə mərasimindəki çıxışında elan etmişdi ki, dövlət quruculuğu, iqtisadi, məhkəmə-hüquq, ümumən bütün sahələrdə ciddi islahatlar həyata keçirəcək. Həqiqətən 2003-cü ildən bu islahatlar davam edir. Cənab Prezident sonuncu çıxışında dedi ki, həyata keçirilən islahatların sürəti daha da artacaq. Bu mənada ölkə başçısının dövlət idarəçiliyində, hökumət strukturlarında ciddi islahatlar aparıldığının şahidiyik”.

M.İbrahimqızı qeyd edib ki, Prezident İlham Əliyev çıxışında bütün sahələrdə islahatların vacibliyini vurğulayaraq, ictimai-siyasi həyatda da yeni ab-havanın gəlməsinin çox zəruri olmasını işarə edib: “Bu mənada prezident Yeni Azərbaycan Partiyasında hansısa formada islahatların getməsinin zəruri olduğu qeyd etdi. Yeni Azərbaycan Partiyasında gəncləşmə çox önəmlidir. Gənclərin partiyanın İdarə Heyətində, Siyasi Şurasında, Qadınlar Şurasında təmsil olunmasına çox böyük ehtiyac var. Bu gün partiyanı yaradanların bir hissəsi dünyasını dəyişib. Bir hissəsi başqa işlərlə məşğuldur. Bu mənada yetişməkdə olan nəsil, xaricdə təhsil almış, geniş vizyona malik olan, dünyanın bugünkü tələblərinə cavab verə biləcək və onunla addımlaya bilən gənclərin Yeni Azərbaycan Partiyasında təmsil olunması vacibdir. Hesab edirəm ki, partiyamızın qurucuları, ulu öndərimizin silahdaşları yeniləşməni və nəsillərin estafetini çox normal qəbul etməlidirlər”.

Referendum yolu ilə qanunvericilikdə Milli Məclisdə təmsil olunmanın 18 yaş edildiyini xatırladan millət vəkili deyib: “Bugünkü gənclər Yeni Azərbaycan Partiyasının sıravi üzvü olmaq istəmirlər. Onlar istəyirlər ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətində, Siyasi Şurasında funksionerlər, rayon təşkilatlarının sədrləri olsunlar. Ona görə də bu gənclərin Yeni Azərbaycan Partiyasında qarşısı açılmalıdır. Onlar partiyanın idarə olunmasında, rəhbər heyətdə təmsil olunmalıdırlar. Möhtərəm prezidentimizin də demək istədiyi bu idi. Bəzən insanlar deyir ki, partiyanın qurulmasında rolum olub, toxunulmazam, xüsusi statusa, imtiyazlara malikəm. Bu, doğru deyil. Hesab edirəm ki, biz varislik prinsipinə əməl etməliyik. Çünki Heydər Əliyev irsini yaşatmağımız bizim bir nömrəli vəzifəmizdir. Bu irsi gələcək nəsillərə çatdırmalıyıq. Bu mənada gənclər partiyamızda yüksək səviyyədə təmsil olunmalıdırlar ki, istədiyimizə nail olaq”.

M.İbrahimqızı qeyd edib ki, Azərbaycanda gənclərə hər zaman yol açıqdır: "Ölkə başçısı da hər dəfə deyir ki, gənclərə güvənirəm, gənclər mənim dostumdur, onlar da mənə güvənə bilərlər. Bu gənclər üçün deyilmiş ən gözəl sözlərdir. Eyni zamanda bütün cəmiyyətə mesajdır ki, gənclərə hər birimiz dəstək verməliyik. Milli Məclisdə hər seçkidə gənclərə yer verilir. Əminəm ki, qarşıdakı seçkilərdə gənclərin Milli Məclisdə təmsil olunmasına daha geniş üfüqlar açılacaq”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: YAP   Prezident   Gənc  





Xəbər lenti