Xalq artistlərindən Əli Kərimliyə etiraz: “Xalqın adından niyə danışırsan?”

  22 Oktyabr 2019    Oxunub : 4296
Xalq artistlərindən Əli Kərimliyə etiraz: “Xalqın adından niyə danışırsan?”
Xəbər verdiyimiz kimi, oktyabrın 19-da müxalifətin özünü Milli Şura adlandıran radikal qrupu Bakıda qanunsuz aksiya keçirməyə cəhd edib. Sayları təxminən 220 nəfər olan Əli Kərimli tərəfdarı “28 May” metrostansiyasının önündəki meydana daxil olmağa çalışıb. Əraziyə cəlb olunan polis əməkdaşları tərəfindən onların hüquqazidd hərəkətlərinin qarşısı alınıb, ictimai asayişi pozmağa çalışan şəxslər saxlanılıblar.
Milli Şuranın qanunsuz aksiyaya cəhd etməsi vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Paytaxt sakinlərinin əksəriyyəti bu addımı pisləyib, ölkədə qarşıdurma yaratmaq istəyən radikallara etirazını bildirib.

Azvision.az Xalq artistlərindən icazəsiz aksiya ilə bağlı münasibət öyrənib.

“Qarabağ müharibəsi zamanı qaçıb gizlənmişdilər”

Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib ki, özünü müxalifət adlandıran şəxslərin icazəsiz aksiyası biabrçılıqdır və açıq-aşkar dövlətçiliyə xəyanətdir.



“Biz qan tökmüşük, can qoymuşuq, müstəqillik əldə etmişik. Xalq ölüb, ya yiyəsi yoxdur? Onlar xalqın adından niyə danışırlar. Hərəsi bir dərədən gəlib, xalqın adı ilə danışır. Azərbaycan xalqının bir cəbhəsi var, o da Qarabağdadır. Niyə gedib cəbhədə oturmurlar, şəhərin mərkəzində qalırlar? Xaricdən nə sifariş gəlirsə edirlər. Bunlar xalqdan, dövlətdən nə istəyirlər? Sakit, normal yaşayırıq. Azərbaycan başqa ölkələrə terror hadisələrinə görə başsağlığı verir. Bunlar isə şəhərin mərkəzində qarışıqlıq yaradırlar, insanların sakitliyini pozurlar. Bu gün ölkəmizdə hər cür şərait var, yaxşı da yaşayırıq. Onlar xalqı, vətəni çətin durumda atıb qaçanlardır. İnsanın bir siması olar. Həmin insanlar Qarabağ müharibəsi zamanı qaçıb gizlənmişdilər. Bunlar nə tez yadlarından çıxıb. İndi guya xalq sevən çıxıblar. Bizə düşmən olan insanlardan 3-5 manat pul alıb, küçərələ düşürlər. Bizə aksiya lazım deyil”.



“Qanunsuz aksiyanı pisləyirəm, qətiyyən yolverilməzdir”

Xalq artisti Mübariz Tağıyev də bu cür aksiyaların əleyhinə olduğunu deyib: “İndiki vaxtda bu lazımdırmı? Dirçəliş vaxtında insanlar sakit və firavan yaşayır. Onlar asayişi pozmaqla nə demək istəyirlər? Bu xeyrə doğru yönəlməyib, şərə yönəlik addımdır. Dövlət əleyhinə, xalq əleyhinə olan istənilən aksiyanı pisləyirəm. Yaxşı olar ki, onlar düzgün yola qayıtsınlar”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Aksiya   Mitinq