İki gedişli oyun və polisə qarşı ideoloji təxribat – TƏHLİL

      İki gedişli oyun    və polisə qarşı ideoloji təxribat –    TƏHLİL
  22 Oktyabr 2019    Oxunub:22312
Şənbə günü Bakıda baş verən hadisənin real çəkisi ilə sosial şəbəkədəki virtual əks-sədası arasında dəhşətli fərq oldu. Əgər reallıqda mitinq cəhdini 10 ballıq şkalada ən yaxşı halda 3-4 bal ilə qiymətləndirə biləriksə, feysbukda bu təsir 11 balı keçirdi. Reallıq ilə onun virtual obrazı arasında böyük bir uçurum yaranmışdı. Niyə belə oldu?
Aksiyanın baş tutduğu, daha doğrusu, tutmadığı saatlarda sosial şəbəkədə nisbətən sakitlik idi. Amma sonra – aksiya arealında çəkilən video və fotolar sosial şəbəkəyə yükləndikcə, axşama doğru aqressiya da sürətlə artmağa başladı. Çünki artıq mövzunun mahiyyəti dəyişmiş, yeni bəhanə tapılmışdı. Daha müzakirə olunan aksiya cəhdi yox, polis “zorakılığı”, hətta sosial şəbəkədə yayğın olan ifadə ilə desək, “vəhşiliyi” idi.

Bəli, məhz “zorakılıq” və “vəhşilik”! Soruşuram: Siz aksiyadan sonra başı partlamış, qolu-qıçı sınmış, bədənində göyərmiş dəyənək və polis çəkməsinin izləri qalmış neçə adam saymısınız? Mən deyimmi? Sıfır!!! Bəli, sıfır, cənablar, məhz sıfır! Əmrə tabe olmayanın qollarından tutub, aparıb avtobusa mindirib, şəhərdən kənardakı qəsəbədə buraxmaq “zorakılıq” və ya “vəhşilik” deyil. Zorakılıq odur ki, başqa ölkələrdə, xüsusilə də demokratik Qərbdə olduğu kimi, insanları itlərə çeynətdirir, atlara tapdaladır, beş-altı polis birdən dəyənəyinin altına salıb, tozlu palaz kimi çırpırlar.

Şənbə günü polisin davranışını hansısa epitetlə ifadə etmək lazım gəlsə, “o qədər də mülayim davranmadı” deyə bilərik. Hətta “sərt davrandı” demək də yerinə düşmür. Amma feysbuk kütləsi nəyə görəsə, bunu “vəhşilik” və “zorakılıq” kimi qəbul etdi. Niyə? Bunun iki səbəbi vardı: Birincisi, biz heç vaxt həqiqi polis zorakılığı və vəhşiliyi görməmişik, ona görə.
Hətta Azərbaycanın yeni tarixindəki ən dağıdıcı iki icazəsiz aksiya – 1998-ci ilin sentyabr və 2003-cü ilin oktyabr hadisələri zamanı da polis zorakılıq və ya vəhşilik etməmişdi. Atanın heç vaxt döymədiyi bir uşağa günlərin birində möhkəm acıqlanması necə effekt doğurursa, şənbə günü axşam feysbuk kütləsində məhz həmin əhval formalaşmışdı. Belə bir paradoks yaşanırdı: Kütlə polisdən heç vaxt əsl zorakılıq və vəhşilik görmədiyi və bunun necə olduğunu bilmədiyi üçün, gördüyünün zorakılıq və vəhşilik olduğunu düşünməyə başlamışdı.

İkinci tərəfdən isə, bu emosiyanı körükləyənlər də vardı: Şuluğun təşkilatçısı, bütün bu prosesləri əvvəlcədən iki gedişli oyun kimi planlaşdıran Əli Kərimli. Bu qartımış siyasət tülküsü əvvəlcədən gözəl bilirdi ki, aksiyanın özü boş bir şey olacaq. Ona görə, əsas effekti onun feysbukda doğuracağı səs-küyə hesablamışdı. Məhz o səbəbdən canlı yayımlarında hər dəfə təkidlə insanları “görəcəkləri hər şeyi çəkib paylaşmağa” çağırırdı. Aksiyanın bilavasitə özü, yəni fiziki hissəsi sadəcə, diqqəti yayındıran manevr olmalı, əsl aksiya isə feysbukda baş tutmalı idi. Təəssüf ki, belə də oldu.
Kütlə heç vaxt mürəkkəb taktikaları, ikili-üçlü gedişləri anlaya bilmir. O, ancaq gördüyünə reaksiya verir.
Bəs gördüyü nə idi? Kərimlinin başından basılaraq, avtobusa mindirilməsi. Sonradan plastr yapışdırılmış alnı. Polisin kiməsə çəkdiyi 3-4 şapalaq... Heyhat, kütlə anlaya bilməzdi və anlamadı da ki, bütün oyun məhz onun bu kadrları görməsi üçün qurulmuşdu.

Kütlə təhlilçi deyil, reaksionerdir. Ona görə, Əli Kərimlinin həmin gün axşam internetdə canlı yayımda danışdığı nağılların yalan olduğunu da anlamadı. Kərimli deyirdi ki, “Avtobusda 6-7 nəfər mənim qollarımı bağlayıb, yerə yıxıb, hər tərəfdən təpikləyirdilər”. Amma adamın bütün daxili orqanları salamatdır, bu haqda həkim rəyinə hətta özü də qol çəkib! Bu adam Rembodur-nədir? Belə bir şey mümkündürmü ki, yaxşı fiziki hazırlıqlı 5-6 nəfər insanı saat yarım möhkəm döysünlər, amma onun bütün daxili orqanları sağ-salamat olsun?! Əgər elə bir şey həqiqətən baş versə, Kərimlinin qabırğalarından 12 dənə Həvva düzəltmək olardı. Vizual görünüşünə gəlincə isə, alnındakı plastırdan başqa görünən heç bir ciddi zədəsi yox idi, onu da sonradan məlum olduğu kimi, avtobusda özü “təşkil edibmiş”.



Bunu da keçək. 5-6 güclü insan tərəfindən saat yarım döyülən şəxs həmin günün axşamı çıxıb uzun-uzadı canlı yayımda danışa bilərdimi? Normalda həmin şəxs o axşamı və daha bir neçə sonrakı axşamları ən yaxşı halda, reanimasiyada, ən pis halda isə morqda keçirməli idi.

Bu nağılı danışandan sonra Kərimli deyir ki, “Özümü Xocalıda, erməni əsirliyində hiss edirdim”. Vicdansızlığa baxın! Xocalıda erməni əsirliyində olanlar xəstəxanayamı aparılıb, müayinəmi edilib, yarasına plastrmı yapışdırılıb, evinəmi aparılıb?! Bu sözü demək elə bir vicdansızlıqır ki, hətta onun belə danışmaqla daha çox kimi təhqir etdiyinə qərar vermək də çətindir: Polisi, yoxsa Xocalıda erməni zülmü görmüş insanlarımızı?! Mən Xocalıda əsirlikdə olmuş insanlarla şəxsən danışmışam. Onların çoxu şikəstdir, aldıqları yaralar, zədələr hələ də bədənlərində görünür, həmin günləri yada salanda haldan-hala düşürlər, dilləri topuq vurur... Yoxsa, alınlarına plastr yapışdırıb, dil-dil ötmürlər.

İki gedişli oyunda ikinci və əsas gediş əvvəlcədən məhz belə planlaşdırılmışdı: Polisə nifrət yaradaraq, bu amilin köməyilə sosial şəbəkədə böyük rezonansa səbəb olmaq. Kərimlinin qəhrəmana çevrilməsi üçün bu ssenarinin bir antiqəhrəmanı da olmalı idi və məkrli planda həmin rola polis nəzərdə tutulmuşdu. Kütlənin siyasi cəhətdən yetkin olduğu ölkələrdə bu, bəlkə də alınmazdı, amma bizdə təəssüf, alındı. Və burulğanlı bir formada polisin pislənməsinə, Kərimlidən isə qəhrəman düzəldilməsinə başlandı.

Kütlə siyasi cəhətdən yetkin olsa, belə düşünməli idi: Polis zorakılıq edibmi? Yox. İcazəsiz aksiya keçirməyə cəhd göstərənlərlə sərt davranılacağına dair əvvəlcədən bir neçə dəfə bəyanat verilmişdi (Hərçənd, heç preventiv bəyanatlarda deyildiyi qədər sərt də davranılmadı). Belə halda, həmin əraziyə gedən hər bir insan bütün məsuliyyəti və riski əvvəlcədən öz üzərinə götürmüş sayılmalıdır. Hər kəs bilirdi, nəyə və niyə gedir.

Polis nə etməli idi? “Dağılışın, burada dayanmayın” əmrinə tabe olmayanları öpüb-qucaqlayıb, sığallayıb-tumarlayaraq maşına mindirib, cibindən də konfet çıxarıb verməli idi?! Ekstremal anlarda polisdən nəvaziş gözləmək ağılsızlıqdır – gərginlik o qədər çox olur ki, centelmenlik etməyə sadəcə, imkan qalmır.

Problem həm də oradan qaynaqlanır ki, Azərbaycan cəmiyyətində polisə layiq olduğu və əslində haqq etdiyi qədər sevgi yoxdur və bu, belə anlarda onu qaralamaq istəyənlərin işinə yarayır. Polisin ictimai obrazının üstündə ciddi şəkildə işləməyə ehtiyac var. Bu, təkcə polis yox, həm də ümumiyyətlə, dövlətçilik nöqteyi-nəzərindən ciddi məsələdir. Düz başa düşün, biz polisin ideal olduğunu iddia etmirik. Amma məsələn, əgər polis 10 ballıq şkalada obyektiv olaraq, möhkəm bir “7”-ni haqq edirsə, kütlənin nəzərində o qiymət “3”-dən yuxarı görünmür. Və bu, dediyim kimi, problemdir.

Halbuki, Azərbaycan insanının rifahında polisin çox böyük və danılmaz rolu var. Açıq danışaq: biz qanunsevər bir toplum deyilik. Belə bir toplumda qanunların işləməsini təmin etmək çətindir. Polis bunun öhdəsindən bizim reallıq üçün kifayət qədər bacarıqla gəlir. Məhz polisin peşəkarlığı nəticəsində Azərbaycanda kriminogen durum tamamilə nəzarətdədir və fərqində olmasaq da, bu, böyük nemətdir. Çox əfsuslar ki, polisin icazəsiz mitinqin qarşısını alması dərhal şişirdilir, amma vətəndaşların təhlükəsiz həyatını peşəkarlıqla qoruması haqqında bir cümlə də deyilmir. “Bu, onun işidir”,- deyəcəksiniz. Tamam, amma həmin anda aksiyanın qarşısını almaq da onun eyni dərəcədə işi idi.

Dövlətə qarşı təbliğat aparanların əsas taktikalarından biri də polislə xalq arasında bir divar hörmək, onların bizdən olmadığını, özgə, yad bir qüvvə olduğunu beyinlərə yeritməkdir. Bu, əsl ideoloji təxribatdır. Əgər evimizdə rahat yaşamaq istəyiriksə, polisə işinin ağırlığına və daşıdığı məsuliyyətə uyğun münasibətimiz olmalıdır. Anlamalıyıq ki, bəzən yanlış əməlləri olsa belə, o, məhz BİZİM polisdir, özgəsi deyil, bizim yetişdirdiyimiz övladlardırlar. Polisə ictimai sevgi olmalıdır, bunun ayrı yolu yoxdur. Bilməliyik ki, hər bir azərbaycanlı polis yeri gələndə vətəndaşın uğrunda özünü təhlükəyə də atır. Xalq öz polisinə sahib durmalı, arada uçurum yaratmağa çalışan ideoloji təxribatçılara şans verməməlidir. Bizi qoruyanı biz də qorumalıyıq!

Vüsal Məmmədov

Azvision.az



Teqlər: Polis   Mitinq   ƏliKərimli   İdeolojiTəxribat  





Xəbər lenti