“Radikal müxalifət xarici dairələr tərəfindən idarə olunur” - Əli Əhmədov

  21 Oktyabr 2019    Oxunub : 1200
“Radikal müxalifət xarici dairələr tərəfindən idarə olunur” - Əli Əhmədov
"Radikal müxalifətin oktyabrın 19-da Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etməsi onların xarici dairələr tərəfindən idarə olunduğunu bir daha ortaya qoydu"
Azvision.az xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbapycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi hakim partiya da ölkədə sabitliyin və əmin amanlığın pozulmasına yönəldilən qanunsuz yerlərdə aksiyaların keçirilməsinə sərt münasibət bildirməlidir.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda hər hansı müxalifət partiyaları tərəfindən aksiyaların keçirilməsi nə YAP üçün, nə də ölkə iqtidarı üçün narahatlıq və nigaranlıq mənbəyi deyil və ola bilməz:

“Amma narahatlıq yaradan bəzi məqamlar var ki, cəmiyyətə bu barədə fikirlərin çatdırılmasına ehtiyac var. Qanunsuz aksiyanın ölkə başçısının oktyabr ayının əvvəlində bir neçə səfərlərində və 9 aylıq iqtisadi inkişafla bağlı keçirilən müşavirədə səsləndirdiyi fikirlərdən bir neçə gün sonra təşkil edilməsi heç də təsadüfi deyil. Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. Ölkədə bütün azadlıqlar təmin olunduğu kimi kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərirlər. Bununla da dövlət və hökumət nümayəndələri arasında qarşıdurma niyyətində olublar".

Baş Nazirin müavini əlavə edib ki, qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur:

"Onlardan bu işi tələb edənlər hesabat da alırlar. Mətbuatda bu barədə məlumat yayılıb. Məqsədli şəkildə onların tapşırıqlarını yerinə yetirənlər belə işə əl atırlar. Dünyanın hər yerində insanların mitinq keçirməsi üçün ayrıca yerlər ayrılır. Bu da ictimai təhlükəsizliyinin təmin edilməsi üçün əsasdır. Ancaq bunları nəzərə almadan elə bir yer seçmişdilər ki, sağlam məntiqə sığmırdı. Əhalinin və hərəkətin sıx olduğu yeri seçməklə ictimai dəstəyin geniş olduğunu göstərməyə çalışırlar. Baxmayaraq ki, bu siyasi etika baxımından düzgün sayıla biləcək hərəkət deyildi. Bizi narahat edən onların siyasi etikası deyil, belə yeri seçməklə çirkin niyyətlərini həyata keçirmək üçün münbit yer seçməyə çalışmalarıdır. Çünki əhalinin gur olduğu yerdə asayişin pozulması ehtimalı yüksəkdir.

Mitinqin keçirilməsi cəhdi bir daha onu göstərir ki, ölkədə daxili sabitliyi pozmağa yönəlik müxalif partiyalar mövcuddur. Bu, AXCP və Milli Şura deyilən və amalı olmayan təşkilatdır. Hakim partiya olaraq hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyilik. Amma nəyin bahasına olursa, hakimiyyətə gəlmək ölkəni xaos və anarxiyaya sürükləyir. Bu dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: ƏliƏhmədov   YAP