Bakıda 3 metro stansiyası müvəqqəti bağlandı

 Bakıda 3 metro stansiyası müvəqqəti bağlandı
  19 Oktyabr 2019    Oxunub:4535
Oktyabrın 19-da saat 13:00-dan metronun “28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılıb.
"Bakı Metropoliteni" QSC-dən Azvision.az-a verilən məlumata görə, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı Metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar.

"Bakı Metropoliteni" QSC bəyan edir ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcək. Strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə Bakı Metropoliteninin "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb.

Həmçinin, metropolitenin mühafizə zonalarında qanunsuz aksiya keçirilməsinə çağırışlar edən şəxslər, yaxud belə hüquqazidd aksiyaların təşkilatçıları haqqında qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlərin görülməsi barədə aidiyyəti hüquq mühafizə orqanlarına müraciət olunacaq.

Azvision.az



Teqlər: Metro   Mitinq  





Xəbər lenti