“İslahatlarla ayaqlaşa bilməyən məmurlar istefa verməlidir” - YAP rəsmisi

 “İslahatlarla ayaqlaşa bilməyən məmurlar istefa verməlidir” -  YAP rəsmisi
  17 Oktyabr 2019    Oxunub:2076
"Prezident hər bir məsələyə tənqidlə yanaşır. Hər bir sahədə olan nöqsanları və onların aradan qaldırılması ilə bağlı fikirlərini, rəylərini bildirir. İqtisadi müşavirədə bu məsələlərə geniş şəkildə toxunuldu".

Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, Azərbaycanın indiki tutduğu yolu, həyata keçirdiyi islahatları qəbul etməyən, bəlkə də qəbul edib, amma buna potensialı çatmayan insanlar var:

"Bunu əslində biz iki hissəyə bölə bilərik. Bir hissəsi ondan ibarətdir ki, keçmiş psixologiya insanların beynində qalıb. Onlar düşünürlər ki, "məni işdən çıxardılar, filankəsi qoydular. Deməli, bu pisdir". Ancaq bu düşüncədədirlər. Səni çıxarırlarsa, ora kimisə təyin etməlidirlər. Yaxud biri mübarizə aparır ki, "eşitmişəm, filankəs mənim yerimə gəlir". Bu adam hesab edir ki, yer onundur, onun adına yazılıb. Beləliklə, mübarizəyə başlayır. Amma həmin adam çalışmalıdır ki, işini düzgün qursun. İşləsin, çalışsın ki, bu qiymətləndirilsin. Səni çıxarandan sonra, ora kimi təyin edəcəklər, bu artıq sənin səlahiyyətində olmayan məsələdir. Bu, cənab prezidentin səlahiyyətlərinə daxildir".

S.Novruzov qeyd edib ki, ikinci qrupa köhnə düşüncəli insanlar daxildir: "Cənab prezident müşavirədə toxundu ki, onların böyük hissəsi bizə post-Sovet dövründən qalıb. Həmin adamlar bugünkü reallıqla, inkişafla, dünyada gedən proseslərlə, atılan addımlarla, aparılan islahatlarla ayaqlaşa bilmirlər. Bu sürətə çata bilməyən insanlar Avropada, dünyada olduğu kimi özü istefa mədəniyyətindən istifadə etməlidir. Əgər dövlətini, vətənini, xalqını sevirsə, prezidentinin siyasətini dəstəkləyirsə, ümummilli lider Heydər Əliyevin siyasi xəttini irəli sürürsə, qeyd etdiyim bu addım atmalıdır. Adam görürsə ki, vəziyyəti bugünkü mövcud ictimai-siyasi, iqtisadi və sosial reallığa cavab vermir, geri çəkilməli və ora yeni kadrlar təyin olunmalıdır".

Kənan Məmmədov
Azvision.az


Teqlər: Siyavuş-Novruzov  





Xəbər lenti