“Vaxtından əvvəl doğuş problemi 8-12 faizdir” - Baş neonatoloq

“Vaxtından əvvəl doğuş problemi 8-12 faizdir” -    Baş neonatoloq
  17 Oktyabr 2019    Oxunub:2531
"Yeni doğulmuş körpələrlə bağlı əsas problem vaxtından əvvəl doğulmalarıdır. Ana bətnində infeksiyalaşmış körpələr adətən vaxtından əvvəl doğulur".
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Neonotoloji Xidmətin Təkmilləşdirilməsi üzrə Xüsusi Komissiyanın sədri, baş neonatoloq Rüstəm Hüseynov bildirib.

Onun sözlərinə görə, bu körpələrdə tənəffüs problemləri olur: "Vaxtından əvvəl doğulma problemi Azərbaycanda təxminən 8-12 faiz arasındadır. İnkişaf etmiş ölkələrdə 8 faiz olur, ancaq tibbi xidməti lazımi səviyyədə olmayan ölkələrdə 15-17 faizə çatır. Yeni doğulan körpələrin ölüm faizi vaxtından əvvəl doğulmuşlar arasında üstünlük təşkil edir".

R.Hüseynov qeyd edib ki, estremal az çəkili olanlar, yəni 1000 qramdan aşağı olan, 600-700-800 qramla doğulan körpələr arasında ölüm faizi daha çox olur:

"1000-1500 qramla doğulan körpələr də çox aşağı çəkili hesab edilir. Vaxtından əvvəl doğulan körpələrin çəkisi təxminən 1800 qrama çatanda vəziyyətləri imkan verirsə, evə yazmaq olar. Ancaq evə yazılsalar belə həmin körpələr daim nəzarətdə olurlar. Həmin körpəyə ayrı-ayrı mütəxəssislər baxırlar".

Baş neonatoloq qeyd edib ki, Azərbaycanda ümumilikdə yenidoğulmuşlar arasında xəstə uşaqların sayı 10 faizdən artıq olmur.

"Yeni doğulanlardan 1-2 faizi çox ağır vəziyyətdə doğulanlar olur ki, onların arasında vaxtından əvvəl doğulanlar da var".

Aytən Zəhra
Azvision.az


Teqlər: Uşaq   Doğum   Körpə  





Xəbər lenti