İlham Əliyev: “İctimai nəzarət daha da güclü olmalıdır” (VİDEO)

  İlham Əliyev:  “İctimai nəzarət daha da güclü olmalıdır”  (VİDEO)
  17 Oktyabr 2019    Oxunub:4723
"Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən gün keçirilən iqtisadi müşavirədə deyib.

Ölkə başçısı bildirib: "Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq. Ancaq buna baxmayaraq, əlbəttə, bir daha demək istəyirəm ki, istifadə olunmayan kifayət qədər ehtiyatlar var və biz bu ehtiyatları aşkar etməliyik. Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin".

Prezident qeyd edib ki, məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır.

"Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq".



Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti