Əsir düşməmək üçün özlərini partladan qəhrəmanlar - REPORTAJ (FOTOLAR)

Əsir düşməmək üçün özlərini partladan qəhrəmanlar -  REPORTAJ (FOTOLAR)
  16 Oktyabr 2019    Oxunub:18806
Bu gün 22 il öncə düşmənin xeyli canlı qüvvəsini məhv edərək mühasirəyə düşən, ancaq erməni işğalçılarının əlinə keçməmək üçün özlərini qumbara ilə partladan yeddi xüsusi təyinatlı döyüşçünün anım mərasimi keçirilib.
Azvision.az -ın məlumatına görə, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları II Fəxri Xiyabanda onların məzarını ziyarət ediblər. Anım tədbirində iştirak edənlər xüsusi təyinatlı şəhidlərin keçdiyi döyüş yolundan və qəhrəmanlıqlarından danışıblar.



Kəşfiyyat qrupunun rəhbəri olmuş, ehtiyatda olan polkovnik Xətai Baxışov Azvision.az -a bildirib ki, kəşfiyyatçılar 1997-ci ilin aprel ayında qəhrəmancasına şəhid olublar. Onun sözlərinə görə, 6 aydan sonra ulu öndər Heydər Əliyevin səyi nəticəsində şəhidlərin nəşi geri alınıb:

"Ermənilər öz əsgərlərinə nümunə göstərmək üçün şəhidlərimizi qəhrəmancasına dəfn etmişdilər. Onların igidliyi və qəhrəmanlığı hamıya örnəkdir. Nə qədər düşməni məhv etdilər və sonda düşmənə əsir düşməmək üçün özlərini qumbara ilə partladaraq şəhid oldular".



Vüqar Yarəhmədovun ölümündən 6 ay sonra dünyaya gələn oğlu atasının adını daşıdığına görə fəxr etdiyini söyləyib. O, uşaqlıqdan atasının qəhrəmanlıqları barədə söhbətləri eşidərək böyüdüyünü bildirib.



Qrupun sağ qalan üzvü Aqil Əhmədov 22 il əvvəl əməliyyata gedərkən onlara verilən döyüş tapşırığından söz açıb, düşmənlə apardıqları qanlı savaşdan danışıb. A.Əhmədov hər zaman döyüş yoldaşları haqqında düşündüyünü vurğulayıb:

"Tək gəlib ziyarət edəndə onlarla dərdləşirəm. Artıq elə bir zamandır ki, danışmaqla deyil, bunu əməl ilə yerinə yetirmək vaxtıdır. Qisasımızı almaq lazımdır. Arzu edirəm ki, Ali Baş Komandanın əmri ilə digər qazi qardaşlarımızla birgə şəhidlərimizin qisasını almaq bizə nəsib olsun. Həyatımı bu istiqamətdə davam etdirirəm".



Ehtiyatda olan gizir, Qarabağ qazisi Şahlar Hacıyev xatırladıb ki, 1997-ci ildə verilmiş tapşırığı yerinə yetirmək üçün iki xüsusi təyinatlı qrup əməliyyata gedib. Hacıyev əməliyyatı icra edib, sağ qayıdan qrupun üzvü olub.

"Yaxın silahdaşları itirmək çox ağırdır. Onların hamısı vətənpərvər insanlar idilər. Düşmənlə üzbəüz döyüş aparan 8 kəşfiyyatçımızın şücaəti bir tarixdir. Biz də mühasirəyə düşsəydik, özümüzü öldürərdik. Çünki kəşfiyyatçı qüruru var. Kəşfiyyatçının ölümü qeyri-adi olmur. Onlarla birgə xidmət etdiyimə görə qürur duyuram. Onların ölümü simvol oldu. Kədərli tərəfi odur ki, onların son sözünün və istəklərinin nə olduğunu heç kim bilmir".

Qeyd edək ki, 1997-ci il aprel ayının 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıdıb. Lakin düşmən tərəfindən ikinci qrup mühasirəyə düşüb və ermənilər təslim olmalarını tələb edib. Bu təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüşlər başlayıb.



Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. 8 nəfərdən ibarət olan qrupun 7 üzvü şəhid olub. Aqil Əhmədov həmin qrupdan sağ qalan yeganə kəşfiyyatçıdır. O, ağır yaralanaraq huşsuz vəziyyətdə düşmənə əsir düşüb. Qondarma erməni məhkəməsi tərəfindən A. Əhmədovun barəsində güllələnmə hökmü çıxarılıb. Uzun sürən danışıqlardan sonra 1999-cu ildə A.Əhmədovu dəyişmək mümkün olub.

Mərhum prezident, Ümummilli lider Heydər Əliyev şəhidlərin hər birini "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib: Leytenant Ağayev Elxan Ataxan oğlu, Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu, Çavuş Rzayev Anar Üzeyir oğlu, Çavuş Mustafayev Dinar İbrahim oğlu, Çavuş Həsənov Aqşin Əli oğlu, Çavuş Ələkbərov Nizami Səfi oğlu, Çavuş Cavadov Fariz Şamil oğlu; Çavuş Aqil Əhmədov Mürsəl oğlu. (Sağdır)


































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Şəhid   Kəşfiyyatçı  





Xəbər lenti