Nazir İtaliya Senatının nümayəndə heyəti ilə görüşüb

Nazir İtaliya Senatının nümayəndə heyəti ilə görüşüb
  16 Oktyabr 2019    Oxunub:1506
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçellinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azvision.az -a verilən məlumata görə, nümayəndə heyətinə daimi komissiyanın üzvü Cianluka Ferrara, katibliyin rəhbərinin müavini Cianluka Polverari daxil olub.

Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında mövcud olan yüksək səviyyəli münasibətləri məmnunluqla vurğulayaraq bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Xüsusilə enerji sahəsində mövcud əməkdaşlığı vurğulayan nazir Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəmərinin tikintisinin razılaşdırılmış qrafik üzrə başa çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

Vito Petroçelli iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin parlamentin təmsilçisi qismində onlar tərəfindən tam dəstəkləndiyini qeyd edib. İki ölkə arasında iqtisadi-ticari əməkdaşlıqla yanaşı, mədəniyyət sahəsində, eləcə də xalqlar arasında əlaqələrin inkişafının əhəmiyyəti ifadə olunub. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsini dəstəkləməsini məmnunluqla qeyd edən İtaliya rəsmisi bu məsələdə iki ölkənin yanaşmasının üst-üstə düşdüyünü bildirib.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat-tranzit layihələrindən bəhs edən Elmar Məmmədyarov Şərq-Qərb bağlılıq strategiyasının inkişaf etdirilməsi yolları ilə bağlı qarşı tərəfə məlumat verib.

Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq münasibətləri, bu əməkdaşlığa İtaliyanın töhfəsi mövzusunda müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: XİN   İtaliya   Senat  





Xəbər lenti