DMX-da reinteqrasiya üzrə işçi qrupu toplanıb

DMX-da reinteqrasiya üzrə işçi qrupu toplanıb
  16 Oktyabr 2019    Oxunub:1643
Dövlət Miqrasiya Xidmətində (DMX) xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının readmissiya sazişləri əsasında geri qəbulu prosesinə kompleks yanaşmanın tətbiq edilməsi, readmissiya edilmiş şəxslərin üzləşdikləri çətinlik və problemlərin operativ həlli, eləcə də həmin şəxslərin cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məqsədilə yaradılmış reinteqrasiya işçi qrupunun 6-cı iclası reallaşdırılıb.
DMX-nin mətbuat xidmətindən Azvision.az - verilən məlumata görə, tədbirdə çıxış edən Xidmət rəisinin müavini Pərviz Musayev qonaqlara Azərbaycan Respublikasının imzaladığı readmissiya sazişləri çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, readmissiya sazişləri çərçivəsində geri qəbul edilən şəxslərin cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məqsədilə müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmənin gücləndirilməsi zəruridir. P.Musayev ölkəyə readmissiya edilmiş şəxslərlə bağlı Dövlət Miqrasiya Xidməti və aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Sonra müvafiq dövlət qurumları tərəfindən reinteqrasiya ilə bağlı görülmüş işlərə dair ümumi müzakirələr və bu istiqamətdə qarşıda duran məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

Tədbirdə işçi qrupuna daxil olan - Dövlət Miqrasiya Xidməti, Xarici İşlər, Daxili İşlər, Səhiyyə, Təhsil nazirlikləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri, eləcə də qonaq qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin aviasiya təhlükəsizliyi baş idarəsinin, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) əməkdaşları iştirak ediblər.

Azvision.az



Teqlər:





Xəbər lenti