Baş psixiatrdan KİV-ə müraciət: “Başlıqlar vahiməli şəkildə verilir”

Baş psixiatrdan KİV-ə müraciət:    “Başlıqlar vahiməli şəkildə verilir”
  15 Oktyabr 2019    Oxunub:2429
“Azərbaycanda özünəqəsdlərin sayı dünya göstəriciləri ilə müqayisədə iki dəfə azdır”'
Azvision.az xəbər verir ki, bunu Respublikanın baş psixiatrı Teymur Qafarov jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, rəqəmlərin aşağı olması intiharların önəmli problem olmadığına dəlalət etmir.

“İntiharların qarşısının alınması üçün silsilə tədbirlər görülməlidir. Bu, ilk növbədə səhiyyə işçilərinin və psixoloqların öhdəsinə düşən vəzifədir. Çox mürəkkəb proses olduğuna görə cəmiyyətin digər üzvlərinin də payına düşən vəzifələr var. Qəsd edən insanların 80 faizi ətrafdakılara hansısa tərzdə işarə verirlər. Onlara sayqılı yanaşsaq, qəsdlərin sayını xeyli dərəcədə azaltmaq olar”'.

T.Qafarov bu işdə medianın üzərinə böyük yük düşdüyünü qeyd edib: “Hər bir sayt, nəşr intiharlarla bağlı xəbərlərin başlıqlarını çox vahiməli şəkildə verir. Medianın bu hadisələri işıqlandırmasından çox şey asılıdır. Həssas ifadələr axtarılmalıdır. Qınaq, tənqid, mənalı ifadələrin işlədilməsi ilə media nümayındələri onları aşağılayır və ya bəzi hallarda insanları intihara sövq edirlər”.

Ümumilikdə dünyadakı vəziyyətin narahatedici olduğunu deyən baş psixiatr qeyd edib ki, hər bir qəsd ondan qabaq cəhdlərlə müşahidə edilir: “İntiharlar əsasən 15-29 yaş və 65 yaşdan yuxarı insanlar arasında qeydə alınır. İntiharın səbəbləri müxtəlifdir. Səbəb çox vaxt məlum olmur, çünki onu çox vaxt intihar edən şəxs bilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Psixiatr  





Xəbər lenti