“Hər 40 saniyədə bir nəfər intihar edir” - Gəray Gəraybəyli

 “Hər 40 saniyədə bir nəfər intihar edir” -    Gəray Gəraybəyli
  15 Oktyabr 2019    Oxunub:3217
“Dünyada hər 40 saniyədə bir nəfər öz həyatına son qoyur. Dünya Səhiyyə Təşkilatının bu göstəricisi intihar hallarının dünya miqyasında nə dərəcədə ciddi məsələ olduğunu göstərir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş elmi-praktik konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda belə halların sayı çox deyil.

"Təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə hər il 400-dək insan həyatına son qoyur. Azərbaycanda intihar edənlər arasında uşaqlar, gənclər və ahıllar da var".

G.Gəraybəyli qeyd edib ki, intihar hallarının səbəbləri müxtəlifdir. "Əsas diqqət intihar hallarının profilaktikasına, o cümlədən, intihar hallarına səbəb olan amillərin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına yönəldilməlidir. Bu məqsədlə bütün müvafiq dövlət qurumları və qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələri, vətəndaşlar, biznes qurumları öz fəaliyyətləri çərçivəsində əməkdaşlarının və əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə diqqət yetirməyə çalışmalıdır”.

Rektorun fikrincə, müasir texnoloji dövrdə uşaqların psixi sağlamlığını qorumaq məqsədilə onları zərərli məlumatlardan müdafiə etmək lazımdır. "Bununla yanaşı, ailədə və ailədənkənar yerlərdə uşaqlara qarşı şiddət aradan qaldırlmalıdır. İş yerlərində əməkdaşların psixi sağlamlığının yaxşılaşdırılması, gərginliyin, stressin azaldılması, psixi sağlamlıqda problemi olan əməkdaşların aşkarlanması və onlara yardım edilməsi zəruridir. Eyni zamanda, psixi pozuntuları, psixoloji problemləri olan vətəndaşların vaxtında müayinə və müalicəyə cəlb olunması, onların müvafiq dərman preparatları ilə təmin edilməsi, əlbəttə, diqqət mərkəzində olmalıdır. Azərbaycanda da bu məsələlərə mühüm diqqət yetirilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: GərayGəraybəyli   İntihar  





Xəbər lenti