Övladlığa uşaq götürmək istəyənlərin nəzərinə!

  14 Oktyabr 2019    Oxunub : 891
 Övladlığa uşaq götürmək istəyənlərin nəzərinə!
"Övladlığa uşaq götürmə ilə bağlı müraciətlər həm "DOST" Mərkəzində, həm də elektron portal üzərindən qəbul ediləcək".
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, noyabrın 1-dən etibarən övladlığa götürmə sahəsində fəaliyyətin istiqamətləndirilməsi, müraciətlərin qəbul edilməsi və müvafiq bazanın formalaşdırılması üçün elektron alt sistem istifadəyə veriləcək:

"Övladlığa götürmənin administrativ prosedurları tam şəkildə yenidən qurulur və beynəlxalq təcrübəyə uyğunlaşdırılır. Əsas şərt övladlığa verilən uşağın psixoloji ehtiyaclarından irəli gələrək düzgün ailə seçilməlidir. Ailənin həm sosial, həm mədəni, həm də maddi vəziyyətinin bu övladı yetişdirmək, onu böyütmək qabiliyyətinin olmasını düzgün qiymətləndirmək lazımdır".

Nazir bildirib ki, uşaq övladlığa verilərkən qısa müddətdə qiymətləndirmə aparılmayacaq: "Qiymətləndirmə proseduru 6 aya qədər davam edəcək. Növbəti proses ailə ilə uşağın tanışlığı, onların neytral ərazidə görüşlərinin təşkil olunması, ekspertlərin əsasında onların ünsiyyətrinə nəzarət edilməsi, qısa müddətdə ailəyə verilməsi və sonradan daimi şəkildə ailəyə verilməsindən ibarətdir. Övladlığa verilmə çox geniş prosedurdur. Amma burada əsas maraq uşağın hüquqlarının qorunmasıdır ki, ona hər hansı çətinlik olmasın" .

Aytən Zəhra
Azvision.az

Teqlər: Sahil-Babayev