Pensiya təyinatı ilə bağlı yeni xidmət tətbiq olunacaq

  14 Oktyabr 2019    Oxunub : 1184
 Pensiya təyinatı ilə bağlı yeni xidmət tətbiq olunacaq
"Cari ilin sonunadək illik 25 min müraciəti əhatə edən pensiya təyinatı və 150 min müraciəti əhatə edən sosial müavinət təyinatını tam şəkildə proaktiv xidmətlərə keçirəcəyik".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, bu xidmətlər elektronlaşdırıldıqdan sonra il ərzində orta hesabla 200 minədək müraciətin proaktiv qaydada icra edilməsi təmin olunacaq.

"Bu ilin sonuna qədər 19 növ müavinətin proaktiv xidmət olaraq vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur. Proaktiv xidmət odur ki, vətəndaşlardan nəinki yazılı, hətta elektron müraciətlərin daxil olmasına ehtiyac olmur. Onun hüququ dövlət tərəfindən tanınaraq təmin olunur".

S.Babayev qeyd edib ki, proaktiv xidmətlərdə həm əlilliyə, həm yaşa, həm də ailə başçısını itirməyə görə olan müavinətlər yer alır. Bunların hər biri barədə ilin sonunadək ətraflı məlumat veriləcək.

Aytən Zəhra
Azvision.az

Teqlər: Sahil-Babayev