Pensiya islahatı: Sonrakı addım nə olmalıdır? – TƏHLİL

      Pensiya islahatı:    Sonrakı addım nə olmalıdır? –    TƏHLİL
  11 Oktyabr 2019    Oxunub:6634
Məlum olduğu kimi, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minumum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata qaldırılıb. Bu, cari ildə ikinci addımdır. Belə ki, 2019-cu il martın 1-dən isə sözügedən məbləğ 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı. Bu, 233 min vətəndaşı əhatə etmişdi.
Oktyabrın 1-dən isə əmək pensiyasının minimum məbləğinin 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edir. Sözün qısası, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 % artırılıb. Bir il ərzində bu cür artıma indiyədək heç vaxt rast gəlinməyib.

Minimum əmək pensiya məbləğinin bu cür artırılması nəticəsində sözügedən hədd ilk dəfə olaraq, yaşayış minimumu səviyyəsini də keçib. 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib. Və beləliklə də, minimum pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 %-dək üstələyib.

Bəli, bunlar, yüksək qiymətləndirilməli və inqilabi addım hesab edilməlidir. Amma... Əmək pensiyasının minumum məbləğinin oktyabrın 1-dən etibarən 160 manatdan 200 manata çatdırılmasından sonra, vaxtilə uzun illər əmək stajı olan əmək pensiyaçıları ilə az bir müddət staj ilə pensiyaya çıxmış vətəndaşların aldıqları pensiya məbləğləri arasında fərq azalıb. Və bu da haqlı olaraq, uzun illər əmək stajı olan pensiyaçılarda narazılır doğurur.

Belə ki, dünənə qədər pensiyalarının aşağı səviyyədə olduğundan şikayətlənənlər, bu gün vaxtilə daha çox əmək fəailiyyəti olanlar ilə digərləri arasında alacaqları pensiya səviyyəsində heç bir fərq qalmadığına görə gileyə başlayıblar. Sual olunur, niyə? Ona görə ki, minimum pensiya məbləğinin qaldırılması minimum əməkhaqqı səviyyəsi kimi bütün pensiya məbləğlərinə təsir etmir. Başqa sözlə, minimum maaş səviyyəsində artım baş verən zaman 19 pilləli Vahid Tarif Cədvəli (VTC) üzrə bütün növ büdcə çalışanların əməkhaqlarında müvafiq olaraq yüksəliş baş verdiyi halda, minimum pensiyada belə deyil.

Ümumiyyətlə, əmək pensiyalarında artımla bağlı mexanizm belədir ki, mövcud məbləğlər ildə bir dəfə olmaqla ölkə üzrə əvvəl, istehlak qiymətləri indeksinin 1 il əvvəlki artım səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılırdı, keçən ildən isə bu, məhz orta illik əməkhaqqı artımı göstəricisinə görə edildi... Odur ki, minimum pensiya məbləğinin sonuncu artımı ilə aşağı pensiya alanlar ilə 200 manat və bundan bir az artıq pensiya alanlar arasında faktiki olaraq heç bir fərq qalmayıb.

Düzdür, bu il orta əmək haqqında 14-15% artım olacağı gözlənilir ki, ilin sonunda bununla bağlı daha dəqiq rəqəmlər məlum olacaq. Bu isə o deməkdir ki, gələn ilin əvvəlindən ölkədəki bütün pensiyaçıların pensiyaları bu məbləğdə indeksləşdiriləcək. Yəni, pensiya artımı son olaraq, yalnız oktyabr ayında olan artımla yekunlaşmayacaq. Və daha çox məbləğdə pensiya alanların aylıq pensiya məbləğlərində daha çox artım qeydə alınacaq.

Bununla belə, hesab edirəm, ya əmək pensiyalarının bir il əvvəlki orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəlməsi tempinə, yəni faizinə uyğun olaraq indeksləşdirilməsi zamanı bu, pensiyaların bütöv məbləğləri üzrə hesablanıb həyata keçirilməli, ya da ki, minimum pensiya məbləğinin qaldırılması da minimum əməkhaqqı səviyyəsi kimi bütün pensiya məbləğlərinə təsir göstərməlidir. Yəni, bu sahədə müvafiq mexanizm işlənib hazırlanmalıdır. Bunun ikisindən biri təmin edilməsə, heç kim uzunmüddətli əmək fəaliyyətində maraqlı olmayacaq və müvafiq məcburi dövlət sosial sığorta ödənişinə də meyl göstərməyəcək.

Bilavasitə birinci variantla bağlı təkrar edirəm ki, keçən ildən indeksləşdirmə mexanizmi dəyişib. Ötən ilədək pensiyaların sığorta hissəsi əvvəlki il ərzində ölkə üzrə qeydə alınmış istehlak qiymətlərinin indeksinə, yəni inflyasiya səviyyəsinə uyğun olaraq, hesablanıb artırılırdısa, keçən ildən əmək pensiyalarının artım səviyyəsi bir il əvvəl ərzində ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəlməsi tempinə, başqa sözlə desəm, faizinə uyğun müəyyən edilərək, artırılmağa başlanıb.

Bəli, bu, düzgün qərar idi. Rəsmi inflyasiya səviyyəsinə uyğun olaraq, indeksləşdirmə heç də hər il səmərəli nəticə vermirdi və verə də bilməzdi. Çünki elə il olur ki, inflyasiya cəmi 1-3% təşkil edir. Ümumiyyətlə, sağlam iqtisadiyyat şəraitində inflyasiya 3-4%-dən yüksək olmamalıdır. Və üstəlik, orta aylıq nominal əməkhaqqı məbləğinin artım həddi də əslində, həmişə inflyasiyadan üstün olmalıdır. Belə ki, qiymətlərin bahalaşması səviyyəsi əhalinin heç olmasa nominal gəlirlərini üstələməli deyil.

Düzdür, elə illər olub ki, bizdə inflyasiya orta aylıq nominal əməkhaqqı məbləğinin artım səviyyəsindən çox təşkil edib. Keçən il bəyan edilmişdi ki, artım əmək pensiyalarının "baza və sığorta hissəsi" anlayışları ləğv edilərək pensiyaların bütöv məbləğləri üzrə hesablanıb, həyata keçiriləcək. Amma təəssüf ki, belə edilmədi. Və indeksləşdirmənin yeni mexanizmində də əmək pensiyalarının məhz sığorta hissəsi artırıldı. Bu il də həmçinin...

Ona görə, bir daha qısa yazıram ki, əmək pensiyalarının bir il əvvəlki orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəlməsi tempinə, faizinə uyğun olaraq, indeksləşdirilməsi zamanı pensiyaların bütöv məbləğləri üzrə hesablanıb, həyata keçirilməsi daha məqsədəuyğun sayılır. Bu, pensiyaların daha çox artmasına imkan verər. Əks halda, ümumən artım minimum pensiya məbləğinə əsasən tənzimlənməlidir.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Pensiyaislahatı  





Xəbər lenti