“Mənəvi dəyərlər və dövlət siyasəti” mövzusunda konfrans keçirilib

“Mənəvi dəyərlər və dövlət siyasəti” mövzusunda konfrans keçirilib
  10 Oktyabr 2019    Oxunub:1925
Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranmasının iki illiyi münasibətilə “Mənəvi dəyərlər və dövlət siyasəti” mövzusunda konfrans keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, konfransda əvvəlcə Fondun fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun ötən iki il müddətində gördüyü işlərdən, qarşıya qoyulan vəzifələrdən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu ölkəmizdə ölkəmizdə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılıb.

İcraçı direktor bildirib ki, müxtəlif dövlət qurumları ilə, həmçinin qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurub. Ötən iki il ərzində Fond tərəfindən həyata keçirilən layihələrdən danışan Mehman İsmayılov deyib: “Fondun “Vəhdət dəyərimizdir”, “Dəyərlərimizi öyrənək”, “Yaxşılıq unudulmur” və digər layihələri çərçivəsində Bakıda və ölkəmizin regionlarında müxtəlif tədbirlər reallaşdırılıb. Bizim Təhsil Nazirliyi ilə əməkdaşlığımız çərçivəsində orta məktəblərdə müxtəlif müsabiqələr, maarifləndirici tədbirlər təşkil olunub. Həmçinin müxtəlif universitetlərdə konfranslar, seminarlar keçirilib. Eyni zamanda, 2018-ci ilin oktyabr ayından etibarən “ASAN Radio”da “Mənəvi dəyərlər” verilişi yayımlanır. Bu müddət ərzində dini icmalarla birgə müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilib”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək Fondun kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Fondun yaradılmasını Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm hadisə kimi dəyərləndirən Mübariz Qurbanlı deyib: “Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu xalqımızın mənəvi dəyərlərinin qorunması və təbliği sahəsində atılan önəmli addımdır. Əlbəttə, xalqımıza məxsus dini, mənəvi, tarixi dəyərlər müxtəlif qurumlar tərəfindən öyrənilir, tədqiq və təbliğ olunur. Lakin bu istiqamətdə ümumi işləri həyata keçirən qurumun yaradılmasına da ehtiyac var idi”.

Fondun iki il ərzində uğurla fəaliyyət göstərdiyini qeyd edən Komitə sədri bildirib ki, bu qurumun fəaliyyətində gənc nəsil zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində mühüm yer tutur. O, Fondun təşəbbüsü ilə reallaşdırılan layihələrin cəmiyyətimizin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb, ötən iki ildəki fəaliyyətin ən yüksək qiymətə layiq olduğunu bildirib. Ötən iki ildə çox mühüm işlər görülüb. Müxtəlif sənədli filmlər çəkilib, videoçarxlar hazırlanıb, maarifləndirici tədbirlər keçirilib, “ASAN Radio”da yayımlanan “Mənəvi dəyərlər” verilişi ciddi səmərə verir. Təhsil ocaqlarında müxtəlif önəmli layihələr reallaşdırılıb.

Mübariz Qurbanlı qurumun gələcək fəaliyyətində də ciddi mühüm təşəbbüslərlə çıxış edəcəyinə əminliyini ifadə edərək bildirib ki, Fondun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlığı da çox səmərəlidir. Hesab edirəm ki, gələcəkdə məhz Mərkəzlə birgə ölkə xaricində də mənəvi dəyərlərimizin təbliği ilə bağlı işləri həyata keçirmək mümkündür. “Müasir dünyamızda hər bir dövlət, xalq öz dəyərlərini, tarixini, gücünü qoruyub saxlamağa çalışır. Azərbaycan xalqı hər zaman öz dəyərlərinə sadiq olub və onu qoruyub. Bizim ən böyük dəyərlərimiz müstəqilliyimizdir, dövlət atributlarımızdır, adət-ənənələrimizdir, dinimizdir”,-deyə Komitə sədri vurğulayıb.

Mənəvi dəyərlərimizin qorunmasının, gələcək nəsillərə düzgün çatdırılmasının mühüm vəzifə kimi qarşıya qoyulduğunu deyən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul işçisi Əliheydər Zülfüqarov Mənəvi Dəyərlərin Təbliği Fondunun iki il ərzində müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərdiyini bildirib. Bu qurumun fəaliyyətində xalqımıza məxsus zəngin mənəvi dəyərlərin təbliği işi əsas istiqamətlərdən olub. Bu istiqamətdə gənclərlə aparılan işi, ölkəmiz üçün əlamətdar günlərdə keçirilən tədbirləri, məcburi köçkünlərlə görüşləri xüsusi qeyd etmək lazımdır.

Mənəvi dəyərlərin hər bir xalqın kimliyinin formalaşmasında mühüm rol oynadığını qeyd edən Əliheydər Zülfüqarov bu dəyərlərin heç bir yad təsirlərə məruz qalmadan gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. Dövlətimizin başçısının Fərmanı ilə belə bir qurumun yaradılması da Azərbaycan Prezidentinin milli dəyərlərimizin qorunmasına verdiyi önəmin nümunəsidir. Mənəvi Dəyərlərin Təbliği Fondu xalqımızı məxsus dəyərlərin təbliği mexanizminin yaradılmasında da çox ciddi rola malikdir. Fondun “Vəhdət dəyərimizdir” layihəsinin çox səmərəli bir təşəbbüs olduğunu qeyd edən Prezident Administrasiyasının məsul işçisi müxtəlif bölgələrimizdə keçirilən bu layihənin din xadimlərinin birliyinin daha da möhkəmlənməsinə töhfə verir.

Konfransda çıxış edən Fondun Himayəçilər Şurasının üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova dünyada gedən qloballaşma prosesinin müsbət və mənfi istiqamətlərindən danışaraq bildirib ki, bu gün xalqların mənəvi dəyərlərinin assimilyasiya olmasıdır. “Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması dövlətimizin başçısının növbəti müdrik addımı idi. Belə bir qurumun yaradılması mənəvi dəyərlərimizin qorunması üçün çox zəruri idi. İki il ərzindəki fəaliyyət Fondun mühüm işlər gördüyünü deməyə əsas verir”,- deyə Sahibə Qafarova vurğulayıb.

Fondun fəaliyyətinin cəmiyyətimiz üçün olduqca faydalı olduğunu söyləyən Milli Məclisin deputatı bildirib ki, gənclərin mənəvi dəyərlərimizlə bağlı maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. İki il ərzində ölkə daxilində Fond ciddi işlər görüb. Lakin hesab edirəm ki, bu gün beynəlxalq arenada gündən-günə mövqelərinin möhkəmləndirən Azərbaycanın mənəvi dəyərlərinin xaricdə də təbliği çox vacibdir.

Fondun Himayəçilər Şurasının üzvü, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Fondun qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini diqqətə çatdırıb. Xalqımızın tarixən mənəvi dəyərlərə üstünlük verdiyini söyləyən akademik gənc nəslin düzgün formalaşmasında mənəvi dəyərlərin təbliğinin və təşviqinin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən Himayəçilər Şurasının üzvü, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova, İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Asif Cahangirov, “Zəfər: Şəhid ailələrinə dəstək” ictimai birliyinin rəhbəri, Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova da Fondun iki il ərzindəki fəaliyyətini yüksək qiymətləndiriblər.

Bildirilib ki, dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasında, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində Fondun gördüyü işlər çox mühüm əhəmiyyət kəsb edir. Sonra ötən iki il ərzində Mənəvi Dəyərlərin Təbliği Fondu ilə əməkdaşlıq edən KİV-lər və Fondun fəaliyyətində fərqlənən əməkdaşlar mükafatlandırılıblar.

Azvision.az


Teqlər: MDTF   konfrans  





Xəbər lenti