Goranboyda gənclər həbi xidmətə yollanıblar

Goranboyda gənclər həbi xidmətə yollanıblar
  10 Oktyabr 2019    Oxunub:2169
Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Goranboy rayon şöbəsinin şəxsi heyətinin, icra hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə çağırışçı gənclər təntənəli mərasimlə müddətli həqiqi hərbi xidmətə yola salınıb.
SHXÇDX-dan Azvision.az -a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən söz açıb. Ölkəmizin vətənpərvər gəncliyinin torpaqlarımızın müdafiəsinə daim hazır olduğunu qeyd edib.

SHXÇDX-nin Goranboy rayon şöbəsinin rəisi, polkovnik-leytenant Abidin Rüstəmov çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, ölkəmizin keşiyində ayıq-sayıq dayanmağın, respublikamızın ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağın vacibliyini onların diqqətinə çatdırıb. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan, qazanılmış nailiyyətlərdən danışıb.

Valideynlər adından çıxış edən Abduləzim Ələsgərov övladlarını hərbi xidmətə yola salmaqdan qürur duyduqlarını ifadə edib, çağırışçı gənclərə çətin və məsuliyyətli əsgər həyatında uğurlar arzulayıb. Çağırışçılar adından çıxış edən Səməd Səmədzadə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmaq kimi şərəfli bir missiyanı yerinə yetirəcəkləri ilə fəxr etdiklərini ifadə edib.

Konsert proqramı ilə davam edən mərasimin sonunda gənclər Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.


Azvision.az



Teqlər: SHXÇDX   Hərbçi   Gənc  





Xəbər lenti